
Bakı. Trend:
Müasir dünyada əlaqələndirmə imkanları sürətlə genişlənsə də,
bərabərsizlik problemi hələ də qalmaqdadır.
Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudia Rossbax Bakıda WUF13 çərçivəsində “Şəhərlər
bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional
əməkdaşlıq” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, hazırda dünya tarixdə olmadığı qədər əlaqəlidir:
qitələrarası marşrutlar günlərlə ölçülür, məlumatlar millisaniyələr
ərzində ötürülür, yeni nəqliyyat dəhlizləri, enerji şəbəkələri və
rəqəmsal infrastruktur bütöv regionları dəyişdirir. Bununla belə,
təxminən 2,8 milyard insan təhlükəsiz və adekvat yaşayış
şəraitindən məhrumdur, milyonlarla insan isə münaqişə və iqlim
dəyişiklikləri səbəbindən didərgin düşüb.
“Dünya əvvəlkindən daha çox əlaqəlidir, lakin eyni zamanda
ehtiyac olduğundan daha qeyri-bərabərdir. İnklüzivlik və geniş
sosial-iqtisadi baxış olmadan bağlantılılıq yalnız az sayda insanın
faydalandığı böyük infrastruktura çevrilir”, – deyə o
vurğulayıb.
UN-Habitat rəsmisinin sözlərinə görə, multimodal dəhlizlər
yalnız insanların və yüklərin hərəkətini sürətləndirmir, həm də
bütöv regionların iqtisadi coğrafiyasını yenidən formalaşdırır.
O qeyd edib ki, Afrika ilə Avropanı, eləcə də Asiyanı
birləşdirən strateji dəhlizlər müasir dövrün ən mühüm infrastruktur
layihələrindən biridir. Çin, Mərkəzi Asiya, Xəzər regionu,
Azərbaycan və Avropanı birləşdirən Orta Dəhliz boyunca inteqrasiya
olunmuş investisiyaların artması həmin marşrut üzərində yerləşən
şəhərlər üçün iqtisadiyyatın şaxələndirilməsi baxımından yeni
imkanlar yaradır.
Rossbax əlavə edib ki, bu proses yaşıl sənaye, inkişaf etmiş
logistika xidmətləri, aqrar emal və rəqəmsal biznes sahələrinin
inkişafını təşviq edir, ikinci dərəcəli şəhərləri isə sadəcə
tranzit məntəqələrindən iqtisadi aktorlara çevirir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

