Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri vahid ərazi baxışına əsaslanır – Anaklaudia Rossbax

Baş səhifə

Bakı. Trend:

Şəhərlərin planlaşdırılması bütöv ərazilərin inkişafı ilə
paralel aparılmalıdır.

Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudia Rossbax Bakıda WUF13 çərçivəsində “Şəhərlər
bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional
əməkdaşlıq” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, şəhər və kəndlər arasında əlaqələr
planlaşdırmanın başlanğıc mərhələsində nəzərə alınanda kənd
icmaları bazarlara və xidmətlərə çıxış əldə edir, şəhərlər isə
onları təmin edən ərzaq sistemləri, su ehtiyatları və əmək
resurslarından faydalanır.

Rossbaxın sözlərinə görə, nəqliyyat dəhlizləri yalnız tranzit
marşrutu deyil, bütöv bir ərazinin inkişaf sütununa
çevrilməlidir.

“Şəhərləri planlaşdırarkən bütöv əraziləri planlaşdırmalıyıq.
Nəqliyyat dəhlizlərinə investisiya qoyarkən həmin marşrut boyunca
yerləşən icmalara — onların mənzil təminatına, bazarlarına,
xidmətlərinə, torpaqlarına və dolanışıq vasitələrinə də sərmayə
yatırılmalıdır”, – deyə o vurğulayıb.

UN-Habitat rəsmisi qeyd edib ki, bu yanaşma xüsusilə
postmünaqişə dövründə daha böyük əhəmiyyət daşıyır.
“Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında
həyata keçirdiyi bərpa və yenidənqurma işləri məhz bu çağırışlarla
geniş miqyasda üz-üzədir”, – deyə o bildirib.

Rossbax ötən ilin oktyabrında keçirilmiş Milli Şəhərsalma Forumu
zamanı bölgəyə səfər etdiyini xatırladaraq qeyd edib ki, onu ən çox
təsirləndirən məqamlardan biri yaşayış, ictimai xidmətlər, rəqəmsal
bağlantı və yaşıl enerji şəbəkələrinin vahid ərazi baxışı
çərçivəsində inteqrasiyası olub.




“Burada məqsəd şəhər və qəsəbələri ayrı-ayrılıqda yenidən qurmaq
deyil, funksional insan coğrafiyasını bərpa etməkdir”, – deyə o
əlavə edib.

Rossbax vurğulayıb ki, regional nəqliyyat, enerji və rəqəmsal
şəbəkələrdən danışarkən həmin marşrutlar üzərində yerləşən şəhər və
kənd icmaları sadəcə keçid əraziləri kimi deyil, investisiya
qoyulmalı aktivlər kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir