
Bakı. Trend:
Əsas məsələ kiçikmiqyaslı, milli iqtisadiyyata əsaslanan və
dayanıqlı icmaların yaradılması üçün yeni layihələrin təqdim
olunmasıdır.
Trend xəbər
verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli
koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev Bakıda WUF13 çərçivəsində “Şəhərlər bağlantılılığın
mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda
keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, indiyədək dünyanın 12 müxtəlif ölkəsindən
Şəhərsalma mütəxəssisləri və memarlar bu prosesdə iştirak edərək
planlaşdırmanın, müasir infrastrukturun, iqtisadi məsuliyyətin və
inklüziv inkişafın inteqrasiyasına töhfə veriblər:
“Azərbaycan Mərkəzi və Şərqi Avropa boyunca dayanıqlı əlaqələr
və gələcəyə yönəlmiş icmalar yaratmaq istiqamətində çalışır. Biz
beynəlxalq dialoqu, əməkdaşlığı və təcrübə mübadiləsini yüksək
qiymətləndiririk.
İşğaldan azad edilmiş ərazilərdə hər bir kənd layihəsinə təhsil,
səhiyyə və inzibati binalar, eləcə də genişzolaqlı internet də
daxil olmaqla tam rabitə şəbəkələri daxildir. Hazırda azad edilmiş
ərazilərin kənd yerlərində təxminən 20 000 insan yaşayır.
Yenidənqurma prosesinin miqyasını və intensivliyini əks etdirən
şəkildə 40-dan çox kənddə tikinti işləri davam edir. Davam edən
məskunlaşma və infrastruktur proqramları çərçivəsində yüzlərlə yeni
ev inşa olunur. Qarabağ və Zəngəzur ərazilərində 10 şəhər, 3 qəsəbə
və 30 kənddə 85 000-dən çox insan hazırda yaşayır, işləyir və
təhsil alır”, o qeyd edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

