
Bakı.Trend:
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT-nin Dayanıqlı
İnkişaf Həlləri Şəbəkəsi (SDSN) qlobal mənzil böhranının həlli üçün
səylərini birləşdirir.
Trend xəbər verir
ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Məskunlaşma
Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiaa Rossbax
bildirib.
Onun sözlərinə görə, UN-Habitat və SDSN arasında anlaşma
memorandumu imzalanıb ki, bu da UN-Habitat üçün strateji əhəmiyyət
daşıyan təşəbbüsdür.
Rossbax qeyd edib ki, tərəfdaşlıq qlobal mənzil böhranı, iqlim
dəyişiklikləri və sürətli urbanizasiya şəraitində həll yollarının
tapılmasına yönəlib.
O əlavə edib ki, tərəflər praktiki əməkdaşlıq məqsədilə
Ümumdünya Şəhərsalma Forumu, Dünya Şəhərlər Hesabatı və digər
beynəlxalq platformaların mexanizmlərindən istifadə etməyi
planlaşdırırlar.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

