Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb – Hikmət Hacıyev

Baş səhifə

Bakı.Trend:

Azərbaycana qarşı qərəzli yanaşmalar xüsusilə ölkəmizdə qlobal
miqyaslı tədbirlər keçirilən zaman həmişə olub.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.

O bildirib ki, son dövrlərdə bu qərəzli yanaşmaların müəyyən
qədər azaldığını müşahidə edirik:

“Çünki həm ölkə daxilində, həm də xaricdə sinxron fəaliyyət
göstərən bu qrupların maddi resursları azalıb. Onlara qrant
ayıranların sayı da əvvəlki qədər deyil.

Qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini biz çox
yaxşı bilirik, baxmayaraq ki, bunu inkar etməyə çalışırlar.
Kampaniyalar davam edir, amma onların miqyası əvvəlki qədər böyük
deyil.
Bu kontekstdə ABŞ-nin əvvəlki administrasiyası dövründə fəaliyyət
göstərən və yardım təşkilatı kimi təqdim olunan USAID kimi
qurumları qeyd edə bilərik. Mahiyyət etibarilə fərqli
fəaliyyətlərlə məşğul olan bu strukturların Azərbaycanda da müəyyən
təşkilatlarla əlaqələri olub”.

H.Hacıyev açıqlamasında bildirib ki, Avropa Parlamentində son
beş ildə Azərbaycanla bağlı ondan artıq müxtəlif qətnamə qəbul
edilib, lakin həmin qətnamələri qəbul edən şəxslərin özlərinin
hansı problemlərlə üzləşdiyini görmək mümkündür.

“Belə hallar olub və olacaq, amma Azərbaycan bunlara xüsusi
əhəmiyyət vermir.

Azərbaycan Respublikasının öz müstəqil siyasəti var. Bu gün
ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən qazandığı hörmət və
nüfuz göz önündədir. Azərbaycan artıq dünyanın mühüm diplomatik
mərkəzlərindən biri kimi çıxış edir və bu kimi qlobal tədbirlər
məhz burada keçirilir.

Bu auditoriyalara və burada aparılan müzakirələrin mahiyyətinə
baxmaq kifayətdir ki, hər şey açıq şəkildə görünsün.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
beynəlxalq səviyyədə öz liderlik mövqeyini qoruyur və bu liderlik
daha da güclənir. Ölkəmizin əməkdaşlıq və tərəfdaşlıq coğrafiyası
da getdikcə genişlənir”,- deyə o vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir