
Bakı. Trend:
Şəhərin tək mərkəzli modeldən çoxmərkəzli (polisentik) modelə
keçidi də strateji prioritetlərdən biridir.
Trend xəbər
verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Bakıda WUF13 çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın
mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda
tədbirdə deyib.
R.Nəbiyev diqqətə çatdırıb ki, məqsəd məktəb, səhiyyə, iş və
mədəniyyət obyektlərinə daha qısa məsafədə çıxışın təmin
olunmasıdır.
“Ənənəvi yanaşmanın əksinə olaraq, daha çox yol tikmək tıxac
problemini avtomatik həll etmir. Buna görə Bakı şəhər mobilliyi
sistemli şəkildə qurulub: yollar avtobus şəbəkəsini, avtobuslar
dəmir yolunu, dəmir yolu isə metro sistemini tamamlayır, – deyə o
əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

