Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Baş səhifə

Bakı. Trend:

Mayın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin
üzvləri ilə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə
səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər,
şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil
Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş
keçirilib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan
ilə Türkiyə arasında münasibətlərin ortaq tarix, milli-mənəvi
dəyərlər və sarsılmaz qardaşlıq prinsipləri üzərində qurulduğunu
bildirib. Qeyd olunub ki, dövlət başçıları arasında yüksək
səviyyəli münasibətlər ikitərəfli əməkdaşlığın bütün sahələrdə
inkişafına mühüm təkan verir. Komitə sədri, həmçinin 44 günlük
Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və
mənəvi dəstəyin xalqımız tərəfindən daim yüksək
qiymətləndirildiyini vurğulayaraq, ölkələrimiz arasındakı qardaşlıq
münasibətlərinin dünyaya nümunə olduğunu qeyd edib.

Bu günlərdə Bakıda keçirilən WUF13 tədbirinin əhəmiyyətindən
danışan Siyavuş Novruzov, Türkiyənin şəhərsalma və regional inkişaf
sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edərək, bu
istiqamətdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

TBMM-nin İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm
komitəsinin sədri Adil Karaismailoğlu göstərilən qonaqpərvərliyə
görə təşəkkürünü bildirərək, “bir millət, iki dövlət” prinsipinin
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasını təşkil
etdiyini vurğulayıb. Qonaq Bakıda keçirilən WUF13 tədbirinin yüksək
səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycanın ev sahibliyi
ilə keçirilən belə mötəbər beynəlxalq tədbirlərin ölkəmizin artan
nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi
olduğunu bildirib.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və
müasir şəhərsalma işlərini yüksək qiymətləndirən komitə sədri,
həmçinin Zəngəzur dəhlizi və Orta Dəhlizin əhəmiyyətinə toxunaraq,
bu layihələrin region ölkələri arasında əlaqələrin daha da
genişlənməsinə xidmət etdiyini bildirib.

Görüşdə çıxış edən Regional məsələlər komitəsinin sədr müavini
Nurlan Həsənov, deputatlar Elman Məmmədov, Kamran Bayramov, Vasif
Qafarov, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım,
TBMM-nin üzvləri Cem Avşar, Hüseyin Yıldız, Hulusi Şentürk və
Mervan Gül Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq və
strateji müttəfiqlik prinsipləri əsasında inkişaf etdiyini
vurğulayaraq, parlamentlərarası əməkdaşlığın daha da
genişləndirilməsinin vacibliyindən danışıblar.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir