Məqsədimiz tamamilə yeni şəhər və kəndlər inşa etməkdir – Anar Quliyev

Baş səhifə

Bakı.Trend:

“Bakı Fəaliyyət Çağırışı” sənədi mənzil təminatı, dayanıqlı
şəhər inkişafı və urbanizasiya sahəsində gələcək istiqamətlərin
müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Trend xəbər
verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının
(TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Ümumdünya Şəhərsalma
Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O, Azərbaycanın yenidənqurma və bərpa istiqamətində həyata
keçirdiyi layihələrə də toxunub.

“Bu sahədə Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusi yer tutur.
Uzun illər davam edən işğal və dağıntılardan sonra məqsədimiz
yalnız əvvəlki vəziyyəti bərpa etmək deyil, “build back better”
prinsipi əsasında tamamilə yeni şəhər və kəndlər inşa etməkdir. Bu
yanaşma ağıllı şəhər və ağıllı kənd konsepsiyalarına, yaşıl enerji
həllərinə və insan mərkəzli dizayn prinsiplərinə əsaslanır”, – deyə
o qeyd edib.

Komitə sədri əlavə edib ki, iqlim dəyişiklikləri və yaşıl
tikinti sahəsində də mühüm addımlar atılır.




“Hazırda beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq
çərçivəsində Azərbaycanın yaşıl tikinti üzrə yol xəritəsi
hazırlanır”,-deyə Anar Quliyev vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir