
Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Barselona
metropoliten bəyannaməsinin təqdimatı: meqapolis miqyasında mənzil
böhranının həlli üzrə cəsarətli öhdəliklər” mövzusunda panel
müzakirəsi keçirilib.
Trend xəbər verir
ki, sessiya zamanı 15 oktyabr 2025-ci ildə Metropolitenlərin Dünya
Sammiti və Avropa Metropoliten Hakimiyyətləri Forumunun (EMA) 10
illiyi çərçivəsində merlər, prezidentlər və digər siyasi
nümayəndələr tərəfindən qəbul edilmiş “Barselona Metropoliten
Bəyannaməsi: 2030-cu ildən sonrakı metropolitenin gələcəyi” sənədi
rəsmi şəkildə təqdim olunub.
Tədbirdə Barselona Metropoliteninin beynəlxalq əlaqələr və
rəqəmsal metropoliya üzrə vitse-prezidenti Jordi Kastelyana
Qamisans və Türkiyənin Mərmərə Bələdiyyələr Birliyinin baş katibi
Cemil Arslan çıxış edirlər.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilib.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.
Xəbər yenilənir

