
Bakı.Trend:
Yaradıcı sənayelər dünya iqtisadiyyatında və əhalinin
məşğulluğunda mühüm rol oynayır.
Trend xəbər verir
ki, bunu UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin katibi Denis Baks
WUF13 Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən
“UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı”
mövzusunda panel sessiyada çıxışında deyib.
Baks qeyd edib ki, mədəni və yaradıcı sənayelər qlobal ÜDM-nin
3,4 faizindən çoxunu və məşğulluğun təxminən 3,6 faizini təmin
edir, bu sahələrin əhəmiyyətli hissəsi isə şəhərlərdə cəmləşib.
Onun sözlərinə görə, bu sektorlar şəhərsalma və mənzil inkişafı
siyasətinə daxil edildikdə, yalnız iqtisadi artımın hərəkətverici
qüvvəsinə deyil, həm də dayanıqlılıq, imkanların genişləndirilməsi
və əhalinin sosial dəstəyi mənbəyinə çevrilir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

