(ÖZƏL) Pakistan Azərbaycan nümunəsi əsasında enerji həllərinin yaradılması imkanlarını nəzərdən keçirir – nazir

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın yaratdığı enerji dəhlizləri böyük ilham mənbəyidir
və hazırda Pakistanda lokal regional şəbəkələrin və enerji
həllərinin formalaşdırılması imkanları nəzərdən keçirilir.

Bunu Pakistan İslam Respublikasının iqlim dəyişiklikləri və
ekoloji koordinasiya məsələləri üzrə federal naziri Musadik Məsud
Malik Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü
sessiyası çərçivəsində Trend-ə bildirib.

Azərbaycanla mümkün razılaşmalarla bağlı sualı cavablandıran
nazir bildirib ki, artıq əməkdaşlıq üzrə çərçivə sənədi
mövcuddur.

“Əməkdaşlıq məsələləri üzrə artıq hərtərəfli qarşılıqlı anlaşma
memorandumu mövcuddur. Biz bu istiqamətdə işləməyə davam edirik və
gələcəkdə də davam etdirəcəyik. Qarşılıqlı fəaliyyətin əhəmiyyətli
hissəsi qeyri-rəsmi formatda həyata keçirilir. Müzakirələrimizin
böyük hissəsi qeyri-rəsmi şəkildə baş tutur və biz birlikdə həll
yolları tapmağa çalışırıq”, — deyə Malik bildirib.

Nazir vurğulayıb ki, Pakistan genişmiqyaslı daxili inkişaf
proqramları həyata keçirir.




“Təkcə Pəncab əyalətində biz təxminən 160 min mənzil həlli
layihəsi icra etmişik ki, onlardan da təxminən 100 min ev artıq
tikilib. Diqqət əsas infrastrukturun yaradılmasına və resurslara
çıxışın təmin olunmasına yönəlib. Biz hər bir dairəni mərhələli
şəkildə inkişaf etdirməyə çalışırıq. Təmiz içməli su ilə təminat
üzrə həlləri tətbiq etməyə çalışırıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir