
Bakı.Trend:
Beynəlxalq Şəhərsalma Mütəxəsislərinin Forumu (IUPF) qlobal
şəhərsalma gündəliyində yerli icmaların və kifayət qədər təmsil
olunmayan regionların iştirakını gücləndirməyi planlaşdırır.
Trend xəbər verir
ki, bunu Rolf Şuett – Beynəlxalq Şəhərsalma Mütəxəssisləri
Forumunun (International Urban Planning Forum/ IUPF) direktorlar
şurasının sədri Ümumdünya Şəhərsalma Forumuın 13-cü sessiyası
çərçivəsində keçirilən “ Şəhər inkişafı sahəsində yerli icmaların
və qlobal təcrübənin birləşməsi” adlı panel müzakirəsində
deyib.
“Həqiqi dayanıqlılığa yalnız “yuxarıdan-aşağı” siyasət
vasitəsilə nail olmaq mümkün deyil. Mənzil və şəhər inkişafı ilə
bağlı qlobal müzakirələrdən kənarda qalan insanların səsləri də
nəzərə alınmalıdır”, – deyə o bildirib.
Şuettin sözlərinə görə, IUPF-nin fəaliyyəti BMT-nin Dayanıqlı
İnkişaf Məqsədlərindən, xüsusilə bərabərsizliyin azaldılması,
dayanıqlı yaşayış məntəqələrinin inkişafı və beynəlxalq
tərəfdaşlığın gücləndirilməsi prinsiplərindən ilhamlanır.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

