Mikayıl Cabbarov Pəncab əyalətinin Baş naziri ilə görüşüb. (FOTO)

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu
(WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab
əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat
verilib.

Görüşdə investisiya, ticarət, enerji, sənaye, nəqliyyat və digər
sahələrdə əməkdaşlığın inkişafı müzakirə edilib.

Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq
münasibətləri məmnunluqla vurğulanıb, iki ölkə arasında siyasi
dialoqun yüksək səviyyədə olduğu və qarşılıqlı etimada əsaslanan
əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi qeyd olunub. Tərəflər
Azərbaycan-Pakistan münasibətlərinin iqtisadi sahədə də geniş
potensiala malik olduğunu bildiriblər.

Müzakirələr zamanı iqtisadi əməkdaşlıq imkanlarının tam
reallaşdırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes
dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət
mərkəzində olub. Tərəflər ticarət, enerji, sənaye, nəqliyyat və
digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsinin
əhəmiyyətini vurğulayıblar.




Tərəflər Preferensial Ticarət Sazişinin iki ölkə arasında
iqtisadi əlaqələrin və işgüzar əməkdaşlığın genişləndirilməsində
mühüm rol oynadığını qeyd ediblər. Sazişin biznes subyektləri
arasında əlaqələrin möhkəmlənməsinə, ticarət dövriyyəsinin
artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə
verdiyi vurğulanıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir