Mərkəzi Asiya torpaq dəyərinin artımından gəlir əldə etməyi öyrənməlidir – Dünya Bankı

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri şəhər inkişafı nəticəsində yaranan torpaq
və əmlak dəyəri artımından gəlir əldə etmək mexanizmlərini inkişaf
etdirməlidir.

Trend xəbər
verir ki, bu barədə Dünya Bankının Özbəkistan üzrə nümayəndəsi
Məhəmməd Nader Dünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində keçirilən “İki region, bir gündəm: inklüziv şəhər
yenilənməsi üzrə dərslər” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, şəhər inkişafının maliyyələşdirilməsi bir
çox ölkələr üçün əsas problemlərdən biri olaraq qalır.

“Çox vaxt yaxşı planlarımız olur, amma onları necə
maliyyələşdirəcəyimizi bilmirik. Buna görə də inkişafın
maliyyələşdirilməsi üçün innovativ üsullar axtarılır”, – deyə o
qeyd edib.

Məhəmməd Nader bildirib ki, özəl sektor artıq şəhər inkişafı
prosesində daha mühüm rol oynamağa başlayır.

“Özəl sektorun öz maraqları və gündəliyi var. Buna görə də
dövlət hansı sahələrdə özəl sektorun iştirak edə biləcəyini, hansı
istiqamətlərdə isə dövlət müdaxiləsinin vacib olduğunu aydın
müəyyən etməlidir”, – deyə o vurğulayıb.

Dünya Bankının nümayəndəsi qeyd edib ki, Latın Amerikası
ölkələrinin təcrübəsi Mərkəzi Asiya üçün faydalı ola bilər.

“Kolumbiya, Braziliya və digər Latın Amerikası ölkələrində
torpaq dəyərinin artımından gəlir əldə olunması üçün müxtəlif
alətlər tətbiq edilir. Hava hüquqları, əlavə dəyər ödənişləri və
inkişaf etdirici ödənişləri buna nümunədir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiyada bu mexanizmlər hələ geniş
yayılmayıb.




“Dövlət və yerli hökumətlər şəhər inkişafı nəticəsində yaranan
torpaq və əmlak dəyəri artımından necə gəlir əldə edə biləcəklərini
düşünməlidirlər. Həmin vəsait yenidən şəhərlərin inkişafına
yönəldilə bilər”, – deyə Məhəmməd Nader əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir