“Sea Breeze” artıq 50 min sakini olan və yarım milyon insan üçün planlaşdırılan “şəhər daxilində şəhər” modelidir – Ena-Kameliya Məlikova

Baş səhifə

Bakı. Trend:

Xəzər dənizinin sahilində həyata keçirilən “Sea Breeze” layihəsi
“şəhər daxilində şəhər” konsepsiyası əsasında genişmiqyaslı urban
inkişaf modeli kimi formalaşır.

Trend xəbər
verir ki, bunu Sea Breeze-in Satış və İnvestisiya direktoru
Ena-Kameliya Məlikova Bakıda keçirilən World Urban Forum 13
çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və
dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda
tədbirdə deyib.

O bildirib ki, hazırda layihədə 50 mindən çox sakin yaşayır və
ümumi plan üzrə ərazidə gələcəkdə təxminən yarım milyon insanın
məskunlaşması nəzərdə tutulur.

“Bu, sadəcə konsepsiya və ya maket deyil, real olaraq həyata
keçirilmiş şəhərdir. Hazırda 4 milyondan çox kvadratmetr sahədə
inkişaf işləri aparılıb və layihə 5–6 il ərzində aktiv şəkildə
genişləndirilib”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, “Sea Breeze” Xəzər sahili boyunca 7
kilometrlik ilkin mərhələ ilə başlayıb və ümumilikdə 22–23 kilometr
sahil zolağını əhatə edəcək.

Layihə çərçivəsində yaşayış binaları, hotellər, kommersiya
obyektləri və müxtəlif infrastrukturların daxil olduğu 30 milyon
kvadratmetrdən çox tikinti sahəsi planlaşdırılır.

Nümayəndə vurğulayıb ki, layihə ilkin mərhələdə “Shorehouse”
adlı kiçik otel və restoran kompleksi ilə başlayıb, daha sonra
“Lighthouse” layihəsi ilə inkişaf mərhələsinə keçib.

“2018-ci ildən sonra biz apart-otel və yaşayış binalarının
idarəetmə modelini tətbiq etdik. Bu sistem investorlar üçün böyük
rahatlıq yaradır, çünki əmlakın idarə olunması, icarəyə verilməsi
və satışı peşəkar şəkildə həyata keçirilir”, – deyə o bildirib.

“Sea Breeze” rəsmisinin sözlərinə görə, “Sea Breeze” daxilində
süni yarımadalar və iri miqyaslı zonalar yaradılır.

“‘Half Moon’ adlı 50 hektarlıq süni yarımadada Marriott, Hilton
və digər beynəlxalq hotel brendləri fəaliyyət göstərəcək”, – deyə o
qeyd edib.

Layihə çərçivəsində 323 metr hündürlüyündə “Cipriani Tower” adlı
Azərbaycanın ən hündür binasının inşası da nəzərdə tutulur.

O bildirib ki, layihənin memarlıq həlləri beynəlxalq şirkətlərlə
əməkdaşlıq çərçivəsində hazırlanır.

“Biz Scott Brownrigg, Shaun Killa və digər tanınmış memarlıq
büroları ilə işləyirik”, – deyə o vurğulayıb.

Ena-Kameliya Məlikovanın sözlərinə görə, “Sea Breeze”də kazino
infrastrukturu da nəzərdə tutulur.

“Bu, Avropada ən böyük, dünyada isə beşinci ən böyük kazino
olacaq və regionda ilk belə layihədir. Eyni zamanda, 200 hektarlıq
“Fire Island” adlı yeni süni ada da planlaşdırılır. Bu ərazidə
yaşayış, kommersiya və hotel infrastrukturu yaradılacaq və kompleks
şəhər konsepsiyasının bir hissəsi olacaq”, – deyə o qeyd edib.




“Sea Breeze” rəsmisi bildirib ki, yaşıllıq və landşaft işlərinə
xüsusi diqqət yetirilir.

“Biz ötən il landşaft işlərinə 30 milyon dollar investisiya
etdik, 2026-cı ildə isə bu rəqəmin 50 milyondan çox olacağı
planlaşdırılır. Artıq 11 milyondan çox bitki əkilib”, – deyə o
vurğulayıb.

O əlavə edib ki, layihənin idarə olunması üçün rəqəmsal 3D
modelləşdirmə və simulyasiya sistemlərindən istifadə edilir.

“Biz “Sea Breeze”i “Unreal Engine” əsasında rəqəmsal model kimi
də idarə edirik. Bu, bütün layihəni real vaxt rejimində
vizuallaşdırmağa imkan verir”, – deyə o bildirib.

Nümayəndə həmçinin layihənin beynəlxalq miqyasda genişləndiyini
qeyd edib.

“Biz Özbəkistanda “Sea Breeze Uzbekistan”, Monteneqroda isə “Sea
Breeze Montenegro” layihələrini həyata keçiririk”, – deyə o
bildirib.

Onun sözlərinə görə, Azərbaycanda və xaricdə həyata keçirilən bu
layihələr “şəhər daxilində şəhər” modelinin yeni nümunəsi kimi
inkişaf edir və yaşayış, biznes, turizm və xidmət sektorlarını
birləşdirir.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir