
Bakı.Trend:
Ələlxüsus sürətli urbanizasiya və iqlim risklərinin artdığı
şəraitdə təbiətyönümlü yanaşmaların tətbiqi müasir şəhərlər üçün
zərurətə çevrilir.
Trend xəbər verir
ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində
təşkil olunan “Təbiət üçün əlverişli şəhərlərin yaradılması:
mənzil, dayanıqlılıq və şəhərlərin dayanıqlı gələcəyi” sessiyasında
Asiya İnkişaf Bankının (AİB) Sektorlar Departamentinin Su
Resursları və Şəhər İnkişafı İdarəsinin direktoru Tzinmin Huanq
deyib.
Onun sözlərinə görə, AİB təbiət kapitalına investisiyaları və
təbiətyönümlü siyasətin inkişafını fəal şəkildə dəstəkləyir.
O xatırladıb ki, iki il əvvəl Bakıda COP29 çərçivəsində bank
“Təbiətyönümlü Asiya-Sakit okean regionuna doğru” adlı 2024–2030-cu
illər üzrə Ekoloji Fəaliyyət Planını təqdim edib.
“Bu plan şəhərsalma, su təchizatı, nəqliyyat, kənd təsərrüfatı
və energetika kimi sektorlarda biomüxtəlifliyin itirilməsi, ətraf
mühitin çirklənməsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə yol
xəritəsini təqdim edir”, – deyə Huanq qeyd edib.
O vurğulayıb ki, Asiya şəhərləri üçün təbiətyönümlü yanaşmalar
artıq seçim deyil, zərurətdir:
“Bu baxımdan AİB iqlim dayanıqlılığının artırılması, ictimai
sağlamlığın yaxşılaşdırılması və şəhər mühitinin keyfiyyətinin
yüksəldilməsi üçün təbii mexanizmlərə əsaslanan həlləri fəal
şəkildə tətbiq edir”,-deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

