
Bakı. Trend:
Mədəni irsin genişləndirilməsi, eyni zamanda yerli icmanın
prosesə daxil edilməsi məsələsi həll edilməlidir.
Trend xəbər
verir ki, bunu İsgəndəriyyə Kitabxanasının təsisçisi, Dünya
Bankının keçmiş vitse-prezidenti, mədəniyyət üzrə ekspert İsmail
Serageldin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası çərçivəsində təşkil olunan “Mədəni irsin yenidən
düşünülməsi və inklüziv şəhər yenilənməsi” adlı tədbirdə
bildirib.
Onun sözlərinə görə, inkişaf etməkdə olan şəhərlərdə tarixi
məkanlar mövzusuna toxununanda ilk növbədə dörd suala cavab
verilməlidir:
“Nəyi, necə, kimin üçün saxlamalıyıq və nəyi mühafizə edirik?
Tarixi yerləri, bütün binaları, yoxsa bütövlükdə şəhərin
xarakterini? Gələcək sakinlər, gəlib-gedən turistlər və beynəlxalq
ictimaiyyət nəzərə alınmaqla konservasiya həyata
keçirilməlidir.
Burada fiziki, iqtisadi, sosial və ekoloji məsələlər nəzərə
alınmalıdır. Bu elementlərin xarakterini qorumaq çox vacibdir.
İnsanların interaktivliyini qoruyub saxlamaqla bunu həyata
keçirməyi bacarmalıyıq. Yerli icmaları və özəl investorları cəlb
etmək lazımdır. Yerli insanların didərgin düşməsini minimuma
endirmək vacibdir.
Xərc və faydalılığın təhlili mədəni irsin qorunması baxımından
bəzən səhvlərə yol verilməsinə səbəb olur. Məsələn, turistlərdən
əldə olunan gəlirə həddindən artıq fokuslanmaq yaxşı nəticə vermir.
Ona görə də xüsusi konseptual çərçivə olmalıdır. Mədəni irsin
genişləndirilməsi, eyni zamanda yerli icmanın prosesə daxil
edilməsi məsələsi həll edilməlidir. Mədəni irsi inteqrasiya etmək
mümkündür. Tarixi şəhərləri qorumağa qadirdik”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

