Gənclər şəhərlərin gələcəyində dayanıqlı inkişaf üçün əsas rol oynayır – Aleksandr Hedjazi

Baş səhifə

Bakı. Trend:

Gənclər şəhərlərin gələcəyində təmiz hava və dayanıqlı inkişaf
üçün əsas rol oynayır.

Trend xəbər
verir ki, bunu Cenevrə Universitetinin dosenti Aleksandr Hedjazi
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
çərçivəsində “Yeni Şəhər Gündəliyinə yeni nəfəs: Dayanıqlı şəhərlər
üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası”
mövzusunda çıxışında deyib.

O bildirib ki, şəhərləri miras alan gənc nəsil həm itirəcək ən
çox şeyə, həm də düzgün addımlar atıldığı təqdirdə ən çox qazanacaq
potensiala malikdir. Onun sözlərinə görə, fəaliyyətsizlik mümkün
deyil və gənclər bu sahədə həllərin formalaşmasında əsas rol
oynayırlar.

“Gənclərin şəhərlərdəki həyatı yalnız kənar məsələ deyil, şəhər
planlaşdırmasının əsas struktur elementlərindən biridir. Gənclər
həm də təmiz hava və dayanıqlı şəhərlər istiqamətində dəyişimin
aparıcı qüvvəsidir.
Bu gün qarşıda duran əsas məsuliyyət ondan ibarətdir ki, hər kəs öz
hökumətlərini daha nəfəs ala bilən şəhərlər üçün çağırış etməyə və
gələcək Ümumdünya Şəhərsalma Forumlarında təmiz havanın daimi
gündəm mövzusu olmasına dəstək verməyə çağırmalıdır”, – deyə o
bildirib.

Dosent qeyd edib ki, hazırkı mərhələ ideyaların konkret
fəaliyyətə çevrilməsini tələb edir və bu prosesdə hava keyfiyyəti
şəhər siyasətinin mərkəzinə gətirilməlidir.

O əlavə edib ki, mütəxəssislər hava çirklənməsi, şəhər
dayanıqlılığı, ekoloji sistemlər və sağlamlıq bərabərliyi üzrə elmi
əsaslı yanaşmalar təqdim edirlər.

Aleksandr Hedjazi diqqətə çatdırıb ki, Bakı “küləklər şəhəri”
kimi tanınsa da, iqlim dəyişiklikləri nəticəsində külək
istiqamətləri və hava axınlarında dəyişikliklər müşahidə olunur ki,
bu da şəhər planlaşdırması üçün əlavə çağırışlar yaradır.




Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir