Türkiyənin zəlzələ bölgəsində 455 mindən çox bina inşa edilib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin zəlzələ bölgəsində 455 mindən çox bina inşa
edilib.

Trend xəbər
verir ki, bunu Türkiyənin Ətraf Mühitin Mühafizəsi, Şəhərsalma və
İqlim Dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən “Şəhər
Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha
Davamlı Şəhərlər üçün BMT-nin Həlləri” adlı konfransda
bildirib.

Onun sözlərinə görə, bu prosesdə yalnız yaşayış evləri tikilmir;
infrastrukturu, sosial obyektləri, yaşıl sahələri, enerji
səmərəliliyi yanaşması və ekoloji davamlılığı ilə birlikdə kompleks
yaşayış məkanları qurulur:

“Şəhər dayanıqlılığının gücləndirilməsində maliyyə alətləri də
kritik əhəmiyyət daşıyır. Bu çərçivədə 81 vilayətdə 500 min sosial
mənzil və İstanbulda 100 min mənzil hədəfi ilə həyata keçirilən
sosial mənzil təşəbbüsü təhlükəsiz və əlçatan mənzilə çıxışı
dəstəkləyir”, o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir