Qarabağ və Şərqi Zəngəzur regionun əsas nəqliyyat-logistika mərkəzinə çevrilir – Vahid Hacıyev

Baş səhifə

Bakı.Trend:

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma
prosesi Qarabağ və Şərqi Zəngəzuru regionun əsas
nəqliyyat-logistika və iqtisadi inkişaf mərkəzlərindən birinə
çevirir.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid
Hacıyev WUF13 çərçivəsində keçirilən “Dirçəliş və urbisid:
Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel
müzakirəsində deyib.

O bildirib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işğal
dövründə şəhərlər, kəndlər və yaşayış məntəqələri tamamilə
dağıdılıb: “Bu dağıntılar yalnız binaların məhv edilməsi deyildi.
Bu, urban həyatın məqsədli şəkildə məhv edilməsi – urbisid idi.
İşğal nəticəsində bölgədə ekoloji dağıntılar və mədəni irsin məhv
edilməsi də baş verib. Bu ərazilər eyni zamanda ağır şəkildə
minalarla çirkləndirilib və bu, hazırda qarşılaşdığımız ən ciddi
problemlərdən biridir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə
2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış proqramı qəbul olunub
və artıq proqramın ilk mərhələsi başa çatmaq üzrədir.

“Bu gün artıq 80 mindən çox insan həmin ərazilərdə yaşayır. Azad
edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri BMT-nin
Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə aparılır. Smart şəhər
və smart kənd konsepsiyaları bu transformasiyanın əsas
sütunlarından biridir. Məqsədimiz yalnız evlər tikmək deyil,
təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar
formalaşdırmaqdır”, – deyə o vurğulayıb.

O qeyd edib ki, yaşayış məntəqələrinin planlaşdırılması zamanı
məktəblər, səhiyyə xidmətləri, təmiz su, bərpa olunan enerji və
məşğulluq imkanları tam şəkildə nəzərə alınır.

V.Hacıyev həmçinin regionun iqtisadi potensialına diqqət
çəkib.

“Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi potensialı olduqca
böyükdür. Kənd təsərrüfatı, mədən sənayesi, logistika, turizm və
yaşıl enerji əsas inkişaf istiqamətləridir. Azad edilmiş ərazilərdə
investorlar üçün xüsusi vergi və gömrük güzəştləri tətbiq edilir.
Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasında artıq 19
rezident fəaliyyət göstərir”, – deyə o qeyd edib.

V.Hacıyev əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur Prezident
İlham Əliyevin qərarı ilə yaşıl enerji zonası elan olunub.

“Hazırda Cəbrayılda 240 meqavat gücündə günəş elektrik
stansiyası tikilir. Bundan əlavə, 100 meqavatlıq digər enerji
layihələri və 45 meqavat gücündə beş su elektrik stansiyası həyata
keçirilir”, – deyə o bildirib.

Xüsusi nümayəndə Zəngəzur dəhlizinin region üçün strateji
əhəmiyyət daşıdığını da vurğulayıb.

“Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı,
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini birləşdirən əsas
logistik xəttə çevriləcək”, – deyə V.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, artıq avtomobil və dəmir yolu layihələrinin
böyük hissəsi tamamlanıb, Araz çayı üzərində İranla bağlantını
təmin edəcək körpünün tikintisi isə yekunlaşmaq üzrədir.

“Bu layihələr regionda ticarət, logistika, turizm və minlərlə
yeni iş yerinin yaranmasına ciddi təkan verəcək”, – deyə o əlavə
edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir