
Bakı. Trend:
Mayın 20-də WUF13 çərçivəsində Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə
“Sirkulyar və yaşıl iqtisadiyyata keçid: dayanıqlı şəhərsalma
çağırışları və imkanları” adlı tədbir keçirilib.
Trend xəbər
verir ki, “WUF13 Urban Expo”da yerləşən QHT Agentliyinin
pavilyonunda keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən BAMF-ın
prezidenti Umud Mirzəyev əvvəlcə QHT Agentliyinə təşəkkür edib.
“İlk növbədə, WUF13 çərçivəsində tədbirin təşkilində göstərilən
dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinə təşəkkür edirəm. Bu gün burada müzakirə etdiyimiz mövzu
– yaşıl və sirkulyar iqtisadiyyata keçid olduqca aktual və strateji
əhəmiyyət daşıyır. Əslində, bu iki istiqamət gələcəyin şəhərlərinin
yeni fəlsəfəsidir. Azərbaycan da bu sahədə mühüm addımlar atır.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı
şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji zonalarının
yaradılması dayanıqlı inkişaf modelinin real nümunəsidir”, – deyə
Umud Mirzəyev bildirib.
Ardınca Böyük Metropolislərin Dünya Assosiasiyasının Baş
katibliyinin siyasət üzrə məsul əməkdaşı Oskar Nunyez “Günəş
enerjisi və yaşıl enerji həllərinin şəhər inkişafına töhfəsi”,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi
Araşdırmalar İnstitutunun direktor müavini Zahid Fərrux Məmmədov
“Beton iqtisadiyyatı”ndan yaşıl urbanizasiya modelinə”, Xəzər
Universitetinin Dünya iqtisadiyyatı üzrə doktorantı,
araşdırmaçı-yazıçı Nik Nvolisa “Neftdən asılılıqdan sirkulyar
dayanıqlılığa: Azərbaycanın dayanıqlı şəhər inkişafı üçün yaşıl
iqtisadiyyat yolu”, Azərbaycan Tibb Universitetinin Qidalanma və
tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli isə
“Şəhərsalma və insan sağlamlığı” mövzusunda çıxış ediblər.
Tədbirin sonunda spikerlər və iştirakçılar arasında interaktiv
sual-cavab sessiyası keçirilib.
Sessiya zamanı yaşıl və sirkulyar iqtisadiyyata keçidin
şəhərsalma siyasətinə təsiri, bərpa olunan enerji mənbələrinin
urbanizasiya prosesində rolu, həmçinin dayanıqlı şəhər inkişafı
üçün yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi
aparılıb.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

