
Bakı. Trend:
Cəmiyyət tərəfindən qəbul edilən və dəstəklənən düzgün baş
planlar və urbanizasiya planları hazırlanmalıdır. Maliyyə
tənzimləmələri sosial və ekoloji ehtiyaclarla
uzlaşdırılmalıdır.
Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli qanunvericilik
qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?”
mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.
İcraçı direktor bildirib ki, hazırda şəhərlərə yönələn maliyyə
axınları bütün vətəndaşların maraqlarına xidmət etmir, bəzi
hallarda isə sosial ayrı-seçkilik və məkan segregasiyası
yaradır:
“Digər tərəfdən, mövcud subsidiyalar da bəzən yerli planlarla
uyğun gəlmir. Şəhərlərin baş planlarında gələcək mənzil ehtiyacları
və onların ərazilərdə necə yerləşdiriləcəyi nəzərə alınmır.
Nəticədə subsidiyalar şəhərin kənar hissələrinə yönəlir, nəzarətsiz
şəhər genişlənməsi yaranır və sosial baxımdan dayanıqsız
urbanizasiya prosesi formalaşır. Aşağı gəlirli insanlar şəhər
mərkəzlərindən uzaqda yaşamağa məcbur qalırlar. Onlar nəqliyyata
çox vaxt və pul sərf edir, imkanlarını itirirlər. Uşaqlar da
imkanlardan məhrum olur. Bu, həm şəhərlər üçün əlavə infrastruktur
xərcləri yaradır, həm də təbiət və ətraf mühit üçün əlavə yükə
çevrilir”.
A.Rossbax vurğulayıb ki, yuxarıda sadalanan faktlara kompleks
yanaşmaq lazımdır:
“Bunun üçün milli, regional və yerli səviyyədə urban inkişafı və
mənzil siyasətini düzgün istiqamətləndirən qanunvericilik və
tənzimləmələr vacibdir ki, nəticədə balanslı inkişaf təmin olunsun
və real ehtiyaclar qarşılansın.
Onun fikrincə, icra hakimiyyətində siyasi iradə olsa belə,
parlamentlər bu prosesdə iştirak etməzsə nəticə əldə etmək çətin
olar. Eyni qayda əks istiqamətdə də keçərlidir.
O qeyd edib ki, Forumun sonunda həm “Bakı Fəaliyyətə Çağırışı”,
həm də Azərbaycan sədrliyi ilə keçirilən nazirlər toplantısının
yekun sənədi, eləcə də “World Cities Report” təqdim olunacaq.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

