
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşları ABŞ-nin Kaliforniya ştatının Silikon Vadisində
fəaliyyət göstərən azərbaycanlı informasiya texnologiyaları
mütəxəssisləri ilə görüşüblər.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitədən məlumat
verilib.
Əsas məqsəd xaricdə yaşayan yüksək ixtisaslı soydaşlarımızla
əlaqələrin gücləndirilməsi, informasiya texnologiyaları sahəsində
əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycan diasporunun
intellektual potensialının bir araya gətirilməsi olub.
Komitə əməkdaşları əvvəlcə “Google” şirkətində çalışan
soydaşımız Aynur Ağayevanın müşayiəti ilə şirkətin fəaliyyət
prinsipləri, innovativ iş metodları və texnoloji imkanları barədə
geniş məlumat əldə ediblər. Ardınca tibbi robottexnologiyalar
sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Intuitive
Surgical”ın əməkdaşı Amy Khagan şirkətin tətbiq etdiyi innovativ
cərrahi texnologiyalar və robot sistemləri ilə bağlı komitə
əməkdaşlarını məlumatlandırıb.
Daha sonra azərbaycanlı informasiya texnologiyaları
mütəxəssisləri ilə görüş keçirilib. Diasporla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Elşad Əliyev bildirib ki, Silikon
Vadisində fəaliyyət göstərən yüksək ixtisaslı soydaşlarımız
Azərbaycanın inkişafı və innovasiya sahəsində irəliləyişləri üçün
əvəzsiz resursdur. Onların bilik və təcrübəsi əsasında qurulacaq
əməkdaşlıq yeni texnoloji layihələrin reallaşmasına və
diasporumuzun birgə potensialının güclənməsinə zəmin yaradacaq.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Vüqar Qurbanov
soydaşlarımızın peşəkar potensialından səmərəli istifadə
olunmasının əhəmiyyətinə diqqət çəkib. Xaricdə yaşayan
azərbaycanlıların birgə əməkdaşlıq və şəbəkələşmə imkanlarının
vacibliyindən danışıb.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri
Nurlan Şükürlü isə Silikon Vadisində çalışan azərbaycanlı İT
mütəxəssisləri ilə əlaqələrin qurulması və onların şəbəkələşməsi
istiqamətində görülən işləri diqqətə çatdırıb.
Görüşdə, həmçinin ABŞ-də fəaliyyət göstərən azərbaycanlı
informasiya texnologiyaları mütəxəssislərinin iştirakı ilə
ABŞ-Azərbaycan İnformasiya Texnologiyaları Mütəxəssisləri Forumunun
keçirilməsi məsələsi müzakirə olunub.
Forumun fəaliyyət mexanizmləri, məqsədləri və gələcək əməkdaşlıq
istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin
yekununda forumun təşkili ilə bağlı ilkin işçi qrupunun yaradılması
qərara alınıb.

