Almaniyada mülki müdafiə sisteminin genişmiqyaslı modernləşdirilməsinə başlanılıb

Baş səhifə

Bakı. Trend:

Almaniya hökuməti Avropada dəyişən təhlükəsizlik mühiti və artan
risklər fonunda ölkənin mülki müdafiə sisteminin genişmiqyaslı
modernləşdirilməsinə başlayır.

Trend xəbər verir ki,
Nazirlər Kabinetinin qəbul etdiyi “Mülki Müdafiə Paktı”
çərçivəsində 2029-cu ilədək bu sahəyə ümumilikdə 10 milyard avro
sərmayə yatırılması nəzərdə tutulur. Sənəddə Rusiya-Ukrayna
müharibəsi, təbii fəlakət risklərinin və hibrid hücumların artması
Almaniya və Avropa üçün əsas təhlükələr kimi göstərilib. Yeni
konsepsiya mülki müdafiə və əhalinin təhlükəsizliyinin təmin
olunması sahəsində federal hökumət, əyalətlər və bələdiyyələr
arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutur. Bu
məqsədlə Mülki Müdafiə Komandanlığı təsis olunacaq, vahid rəqəmsal
məlumatlandırma sistemi yaradılacaq.




Pakt çərçivəsində könüllü xilasetmə xidmətləri üçün müasir
avadanlığın alınması, xəbərdarlıq və rabitə sistemlərinin
yenilənməsi, Texniki yardım idarəsinin (THW) gücləndirilməsi,
içməli su və fövqəladə enerji təminatının yaxşılaşdırılması
planlaşdırılır. Hökumət, həmçinin NINA xəbərdarlıq tətbiqinin
təkmilləşdirilməsi və ölkə üzrə həyəcan siqnalı şəbəkəsinin
genişləndirilməsi üzərində işləyir. 2027-ci ildən etibarən həyəcan
siqnalının mərkəzləşdirilmiş qaydada idarə edilməsi mümkün
olacaq.

Yeni strategiyada maarifləndirmə tədbirləri də diqqət mərkəzində
saxlanılıb. Belə ki, mülki müdafiə mövzularının tədris
proqramlarına daxil edilməsi və fövqəladə hallar üzrə vahid milli
təlim standartlarının hazırlanması nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir