
Bakı. Trend:
Münaqişələr, zorakılıq və təqiblər nəticəsində dünyada təxminən
117 milyon insan məcburi köçkün vəziyyətinə düşüb və iqlim
dəyişikliklərinin yaratdığı fəlakətlər bu riski daha da artırır.
Lakin bir çox insan üçün müvəqqəti sığınacaq həyatı yenidən qurmağa
imkan verməyən uzunmüddətli qeyri-müəyyənlik vəziyyətinə
çevrilir.
Trend xəbər
verir ki, bunu İraq Respublikasının keçmiş prezidenti Bəhram Saleh
WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və
yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda
çıxışında deyib.
O bildirib ki, dünyanın müxtəlif bölgələrində – Çad, Braziliya,
İordaniya, Kolumbiya, Türkiyə və Suriyada müşahidə olunan təcrübə
bir həqiqəti təsdiqləyir: bərpa prosesi insanların yaşaya biləcəyi
təhlükəsiz məkanın yaradılması ilə başlayır.
“Eyni zamanda, qəbul edən icmalar da böyük həmrəylik nümayiş
etdirirlər. Onlar məhdud resurslara malik olsalar belə, evlərini,
torpaqlarını və xidmətlərini məcburi köçkünlərlə bölüşürlər”, –
deyə o vurğulayıb.
B.Salehin sözlərinə görə, məcburi köçkünlərin sayının sürətlə
artması yeni yanaşmalar tələb edir. Şəhər və qəsəbələr daha çox
köçkünü qəbul etdikcə, mənzil fonduna, infrastruktura və sosial
həmrəyliyə təzyiq də artır.
“Yetərli mənzil təminatı olmadıqda bərpa prosesi zəifləyir.
İnsanların dolanışıq imkanları qeyri-sabit qalır, təhsil və səhiyyə
xidmətlərinə çıxış pozulur, özünütəminetmə imkanları isə daha da
çətinləşir”, – o qeyd edib.
Keçmiş prezident hesab edir ki, bərpa və yenidənqurma
siyasətində əsas dönüş nöqtəsi adekvat mənzil hüququnun mərkəzi
yerə çıxarılması olmalıdır.
“Ev anlayışı yalnız divarların tikilməsi ilə başlamır. Bu proses
torpaqdan istifadəyə çıxış, mülkiyyət və yaşayış hüququnun təmin
edilməsi, eləcə də insanların ləyaqətlə yaşamasına, işləməsinə və
həyatlarını yenidən qurmasına imkan verən sənədləşmə ilə başlayır”,
– deyə o bildirib.
B.Saleh vurğulayıb ki, bu istiqamətdə dəyişiklik artıq başlayıb.
Onun sözlərinə görə, Qlobal Qaçqınlar Forumu çərçivəsində irəli
sürülən İnsan Məskunlaşması Öhdəliyi məcburi köçkünlük probleminə
inklüziv planlaşdırma, yerli inkişaf və ortaq rifah üçün imkan kimi
yanaşmanı təşviq edir.
“Faktlar göstərir ki, qaçqınların mənzil təminatına və sərbəst
hərəkət imkanlarına çıxışı olduqda, onlar qəbul edən icmaların
iqtisadi və sosial inkişafına mühüm töhfə verirlər. Məcburi
köçkünlər yük deyil, həllin bir hissəsidir”, – deyə o əlavə
edib.
Keçmiş prezident bildirib ki, artıq bir sıra ölkələrdə uğurlu
nümunələr formalaşır. Keniya və Efiopiyada düşərgələrin şəhərlərə
çevrilməsi, Çad və Mavritaniyada inklüziv yanaşmaların tətbiqi,
Avropanın müxtəlif şəhərlərində isə güclü bələdiyyə idarəçiliyi
bunun göstəricisidir.
“Şəhərlər yalnız köçkün axınını idarə edən məkanlar deyil. Onlar
müdafiənin, inklüzivliyin və dayanıqlı həllərin formalaşdığı
mərkəzlərdir”, – deyə o vurğulayıb.
B.Saleh qeyd edib ki, bələdiyyələr bu yükü təkbaşına daşıya
bilməz. Bunun üçün onlara aydın səlahiyyətlər, dayanıqlı
maliyyələşmə mexanizmləri və hökumətlər, inkişaf tərəfdaşları, özəl
sektor və yerli icmalarla güclü əməkdaşlıq lazımdır.
Çıxışını yekunlaşdıran keçmiş prezident beynəlxalq ictimaiyyəti
müvəqqəti sığınacaq modelindən uzunmüddətli mənzil həllərinə
keçməyə çağırıb.
“Biz qısamüddətli reaksiyalardan uzunmüddətli həllərə, paralel
sistemlərdən isə inklüziv milli çərçivələrə keçməliyik.
İndi hərəkətə keçmək vaxtıdır. Məqsəd yalnız itirilənləri bərpa
etmək deyil, hər kəs üçün daha güclü, daha inklüziv və daha
dayanıqlı icmalar qurmaqdır”, – deyə B.Saleh bildirib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

