WUF13-də Bakıda hətta bələdçi itlər üçün xüsusi sanitar zonalar yaradılıb – Kamal Məmmədov

Baş səhifə

Bakı.Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu təkcə urbanistika
məsələləri üzrə ən böyük qlobal platformaya deyil, həm də əlilliyi
olan şəxslər üçün bu səviyyədə təşkil olunan ən əlçatan
tədbirlərdən birinə çevrilib.

Bunu Trend
müsahibəsində WUF13 Əməliyyat Şirkətinin əlçatanlıq və inklüzivlik
şöbəsinin rəhbəri Kamal Məmmədov deyib.

Forumun hazırlıq prosesi beynəlxalq standartlara uyğun aparılıb
və infrastrukturun hazırlanmasına müxtəlif dərəcəli əlilliyi olan
mütəxəssislər cəlb olunublar.

“WUF13-ün məhz Azərbaycanda keçirilməsi bizim üçün böyük şərəf
və böyük qürurdur. Bu, ölkəmiz üçün çox mühüm hadisədir və
komandamızın üzərinə forumun əlilliyi olan bütün insan
kateqoriyaları üçün tam əlçatanlığını təmin etmək kimi çox
məsuliyyətli missiya qoyulmuşdu”, – deyə o bildirib.

Kamal Məmmədovun sözlərinə görə, hazırlıq prosesində əlilliyi
olan şəxslərin iştirak etməsi həqiqətən rahat və düşünülmüş mühitin
yaradılmasına imkan verib.

“Komandamızda müxtəlif dərəcəli əlilliyi olan şəxslər çalışırdı
və onlar əlçatanlıq sisteminin yaradılmasında birbaşa iştirak
edirdilər. Bunun sayəsində WUF13 bir çox beynəlxalq tədbirlərdən
fərqlənir, çünki burada əlçatanlıq demək olar ki, 100 faiz təmin
olunub”, – deyə o vurğulayıb.

Forum ərazisində sağlamlıq imkanları məhdud qonaqların
ehtiyaclarına uyğun yeni texnologiyalar və xidmətlər tətbiq edilib.
Belə ki, əlil arabalarının təmiri xidmətləri təşkil olunub, jest
dili tərcüməsi təmin edilib, zallarda eşitmə qabiliyyəti zəif olan
ziyarətçilər üçün induksiya ilgəkləri quraşdırılıb, bütün
informasiya naviqasiyası Brayl şrifti ilə də təqdim olunub.
Həmçinin bələdçi itlər üçün xüsusi sanitar zonalar və onların
baytarlıq dəstəyi yaradılıb.

Ən iri layihələrdən biri taktil naviqasiya sisteminin qurulması
olub. Məmmədovun sözlərinə görə, forum ərazisində təxminən 3500
metr taktil plitələr döşənib.

“Bütün həllər yalnız beynəlxalq standartlara əsaslanaraq
hazırlanıb. Biz əminik ki, həqiqi əlçatanlığa yalnız iş sistemli və
peşəkar şəkildə qurulduğu halda nail olmaq mümkündür”,- deyə Kamal
Məmmədov bildirib.

O əlavə edib ki, forumun hazırlanmasında iştirak bütün komanda
üçün həm peşəkar, həm də insani baxımdan mühüm təcrübə olub.




Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir