
Bakı.Trend:
Azərbaycanın ilk milli dayanıqlı inkişaf standartının
hazırlanması mühüm mərhələdir.
Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri
üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil
olunan “Azərbaycanın ilk milli dayanıqlı inkişaf standartının
hazırlanması: Dayanıqlı Təcrübələr Standartı (SPS)” (Developing
Azerbaijan’s First National Sustainability Standard: The
Sustainable Practices Standard (SPS )) mövzusunda panel
müzakirəsində videomüraciəti zamanı deyib.
Muxtar Babayev qeyd edib ki, Azərbaycan dayanıqlı şəhər
inkişafına, ekoloji məsuliyyətə və iqlim dayanıqlılığına xüsusi
önəm verir.
O vurğulayıb ki, Azərbaycanın ilk milli dayanıqlı inkişaf
standartının hazırlanması mühüm mərhələdir və dayanıqlı inkişafın
yalnız strategiya və bəyannamələrlə məhdudlaşmamalı, planlaşdırma,
layihələrin idarə olunması və gündəlik institusional fəaliyyət
proseslərinə inteqrasiya edilməli olduğunu əks etdirir.
“Bu gün şəhərlər həm iqlim risklərinin, həm də iqlim həllərinin
mərkəzində dayanır”, – deyə o bildirib.
Muxtar Babayevin sözlərinə görə, dayanıqlı təcrübələr dayanıqlı
inkişafı mücərrəd konsepsiyadan ölçülə bilən və praktiki fəaliyyətə
çevirməyə kömək edir, həmçinin həm dövlət, həm də özəl sektorda
hesabatlılığın artırılmasına, institusional potensialın
gücləndirilməsinə və resurslardan daha səmərəli istifadəyə töhfə
verir.
Bundan əlavə, o bildirib ki, Bakıda keçirilən COP29 Azərbaycanın
praktiki iqlim fəaliyyətinə və beynəlxalq əməkdaşlığa sadiqliyini
daha da möhkəmləndirib.
Onun sözlərinə görə, COP29 çərçivəsində aparılan müzakirələr
praktiki tədbirlərin həyata keçirilməsinin, dayanıqlılığın, iqlim
maliyyələşməsinin və dayanıqlı inkişaf prinsiplərinin dövlət
siyasətinə daha dərindən inteqrasiyasının artan əhəmiyyətini
vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

