Rəqəmsal sistemlər postfəlakət bərpasında sürəti artırır – Minq Zanq

Baş səhifə

Bakı. Trend:

Zəlzələdən və ya fəlakətlərdən sonra bərpa prosesində rəqəmsal
sistemlərin tətbiqi və yerli icmaların iştirakı mənzil təminatının
sürətləndirilməsi baxımından mühüm rol oynayır.

Trend xəbər
verir ki, bunu Şəhər, Submilli Maliyyə, Turizm və Fəlakətlərin
İdarə Edilməsi üzrə Qlobal Direktor Minq Zanq WUF13 çərçivəsində
keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin
mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında deyib.

O bildirib ki, Ukraynada tətbiq edilən rəqəmsal sistemlər
vasitəsilə zərər görmüş ev sahibləri müraciət edə bilir və şəffaf
prioritetləşdirmə mexanizmi sayəsində proses daha sürətli nəticə
verir.

M.Zanq qeyd edib ki, post-fəlakət bərpasında “ev sahibinin
rəhbərlik etdiyi” (owner-driven) model bir çox ölkədə uğurla tətbiq
olunub və xüsusilə aşağı sıxlıqlı ərazilərdə effektiv nəticə
göstərir.

Onun sözlərinə görə, sıx məskunlaşmış və çoxmərtəbəli binaların
olduğu şəhərlərdə isə mərkəzləşdirilmiş podratçı sistemləri daha
çox vaxt tələb edir və bərpa prosesi ləngiyə bilər.

Qlobal direktor əlavə edib ki, Türkiyə və Çili kimi ölkələrdə
fəlakətlərdən əvvəl hazırlıq mexanizmlərinin mövcudluğu bərpa
prosesini daha operativ həyata keçirməyə imkan yaradır.

“Əgər əvvəlcədən müqavilə və planlama mexanizmləri hazırdırsa,
fəlakət baş verdikdə prosedurlar sıfırdan qurulmur və işlər daha
tez başlanır”, – deyə o vurğulayıb.

M.Zanq həmçinin yerli idarəetmə orqanlarının rolunun vacibliyini
qeyd edib:

“Bələdiyyələr ailələrin dəstəklənməsində, infrastrukturun
bərpasında və icma səviyyəsində koordinasiyada əsas rol
oynayır”.

O əlavə edib ki, icma əsaslı bərpa komitələri də post-fəlakət
mənzil təminatında mühüm dəstək mexanizmidir və prosesin daha
inklüziv və səmərəli həyata keçirilməsinə töhfə verir.




Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir