Dayanıqlı mənzil üçün qiymətləndirmə yanaşmaları dəyişməlidir – BMqT rəsmisi

Baş səhifə

Bakı. Trend:

Dayanıqlı və genişmiqyaslı mənzil təminatına nail olmaq üçün
mövcud qiymətləndirmə və planlaşdırma yanaşmalarına yenidən
baxılmalıdır.

Trend xəbər
verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş
direktorunun müavini Uqoçi Daniels WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin
mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında deyib.

O bildirib ki, hazırkı yanaşmalar əsasən zərər görən binaların
sayının hesablanmasına fokuslanır, lakin bu, kifayət deyil və
insanların real ehtiyacları nəzərə alınmalıdır.

“Biz insanlarla birbaşa danışmalı, onların qalmaq üçün nəyə
ehtiyac duyduğunu və hansı hüquqlara malik olduqlarını müəyyən
etməliyik”, – deyə o vurğulayıb.

U.Daniels qeyd edib ki, dayanıqlı mənzil sistemi üçün torpaq
reyestrləri, mənzil siyasətləri və maliyyə mexanizmlərinə
investisiya vacibdir.

Onun sözlərinə görə, məcburi köçkünlük əsasən şəhər mühitində
baş verir və bu da şəhərlərə ciddi təzyiq yaradır.
“Data göstərir ki, dolanışıq və özünütəminetmənin əsas şərtlərindən
biri dayanıqlı mənzilə çıxışdır”, – deyə o bildirib. BMqT rəsmisi
vurğulayıb ki, şəhər bələdiyyələri və yerli hakimiyyət orqanları bu
prosesdə mühüm rol oynayır və müxtəlif ölkələrdə – Uruqvay, Ukrayna
və Filippin kimi yerlərdə uğurlu təcrübələr mövcuddur.

O əlavə edib ki, miqrasiya və şəhərləşmə düzgün idarə olunduqda
dayanıqlı inkişaf üçün güclü imkanlar yaradır.
“Biz mənzili bərpanın mərkəzinə qoyduqda və onu sistemli şəkildə
qurduqda, yalnız miqyaslı nəticə əldə etmirik, həm də hüquqları
qoruyur və insanların ləyaqətli yaşayışını təmin edirik”, – deyə
U.Daniels bildirib.

Onun sözlərinə görə, əsas məsələ texniki həllərin mövcudluğu
deyil, bu istiqamətdə siyasi iradənin olmasıdır.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.




Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir