
Bakı. Trend:
Fələstində, xüsusilə Qəzza zolağında mənzil təminatı məsələsi
yalnız evlərin bərpası deyil, həm də insanların həyatının,
ləyaqətinin və sabitliyinin bərpası deməkdir.
Trend xəbər
verir ki, Fələstin Muxtariyyətinin yerli özünüidarəetmə naziri Sami
Hicavi WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və
yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda
çıxışında deyib.
Nazir bildirib ki, Qəzza zolağında genişmiqyaslı dağıntılar
nəticəsində təxminən 372 min mənzil zərər görüb. Onlardan təxminən
60 mininin qismən zədələndiyi və bərpa edilə biləcəyi,
əksəriyyətinin isə tam və ya ağır dağıntıya məruz qaldığı qeyd
olunub.
O vurğulayıb ki, münaqişə nəticəsində təxminən 2 milyon insan,
yəni Qəzza əhalisinin böyük əksəriyyəti məcburi köçkün vəziyyətinə
düşüb. İordan çayının Qərb sahilində, xüsusilə Cenin və Tulkərm
düşərgələrində də 10 mindən çox yaşayış vahidi zərər görüb və on
minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
S.Hicavi bildirib ki, dağıntılar təkcə mənzil fondunu deyil, həm
də su, kanalizasiya, təhsil və səhiyyə infrastrukturunu ciddi
şəkildə zədələyib.
“Əsl bərpa prosesi yalnız təcili humanitar ehtiyacların
ödənilməsi ilə deyil, eyni zamanda təhlükəsiz və ləyaqətli mənzil
təmin edilməsi ilə mümkündür”, – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, bərpa prosesinin uğuru üçün güclü
beynəlxalq siyasi iradə, uzunmüddətli maliyyələşmə, tikinti
materiallarına çıxışın təmin edilməsi, effektiv beynəlxalq
koordinasiya və yerli icmaların prosesə aktiv cəlb olunması
vacibdir.
O qeyd edib ki, Fələstində bərpa prosesi beşillik çərçivə
planına əsaslanır və ilkin mərhələdə müvəqqəti mənzillərin təmin
edilməsi, eləcə də qismən zədələnmiş evlərin bərpası nəzərdə
tutulur. Daha sonra isə ən azı 200 min yeni mənzil tikintisi
planlaşdırılır.
S.Hicavi əlavə edib ki, bərpa yalnız yaşayış binaları ilə
məhdudlaşmamalı, eyni zamanda məktəblər, xəstəxanalar, su və enerji
şəbəkələri də yenidən qurulmalıdır ki, daha dayanıqlı şəhərlər
formalaşdırılsın.
“Bizim üçün yenidənqurma təkcə mühəndislik prosesi deyil, eyni
zamanda insanlara ümidin qaytarılması və ədalətli sülhə aparan
humanitar və mənəvi məsuliyyətdir”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

