AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı və Abşeron
yarımadasında nəqliyyat infrastrukturunun inkişafı məqsədilə 26 iri
yol layihəsi həyata keçirir.

Trend xəbər
verir ki, bu fikirləri WUF13 çərçivəsində Bakı şəhərinin Baş
Planına həsr olunmuş tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri
üzrə müşaviri Fariz Əzizov deyib.

O bildirib ki, əhali artımı, urbanizasiya və iqtisadi genişlənmə
nəqliyyat infrastrukturu üzərində yeni təzyiqlər yaradır və buna
cavab olaraq Agentlik ənənəvi yol tikintisi yanaşmasından daha
geniş strategiya tətbiq edir.

“Biz alternativ nəqliyyat dəhlizləri yaradır, nəqliyyat
axınlarını yenidən bölüşdürür, magistral yollar üzərindəki yükü
azaldır, təhlükəsizlik standartlarını yüksəldir və daha dayanıqlı
mobillik sistemi formalaşdırırıq”, – deyə o qeyd edib.

F.Əzizovun sözlərinə görə, əsas layihələrdən biri M1 Bakı–Quba
və M4 Bakı–Şamaxı avtomobil yollarını birləşdirəcək 29 kilometrlik
Bilgəh–Məhəmmədi–Mərdəkan–Şamaxı avtomobil yolu layihəsidir. Bu
dəhliz regional nəqliyyatın Bakı şəhərinin mərkəzinə daxil olmadan
hərəkət etməsinə imkan verəcək. Layihəyə altı hərəkət zolağı,
doqquz yol qovşağı, on üç estakada, tunellər və piyada keçidləri
daxildir. Bu layihə tıxacların azalmasına, logistikanın
sürətlənməsinə və ekoloji yükün azalmasına xidmət edəcək”, – deyə o
bildirib.

O əlavə edib ki, Akademik Həsən Əliyev küçəsi ilə Koroğlu metro
stansiyası arasında inşa olunan yeni yol bağlantısında işlərin
təxminən 50 faizi tamamlanıb.

“Layihə alternativ şərq-qərb nəqliyyat əlaqəsi yaradacaq, Heydər
Əliyev və Ziya Bünyadov prospektlərindəki yükü azaldacaq. Bundan
başqa, piyada təhlükəsizliyi və əlçatanlığın artırılması məqsədilə
bir sıra tunel və keçid layihələri də həyata keçirilir. Həyata
keçirilən bütün layihələrin əsas məqsədi vahid və inteqrasiya
olunmuş metropol mobillik sisteminin formalaşdırılmasıdır.

Əlaqəlilik, ərazi balansı, təhlükəsizlik və mobillik insanların
gündəlik həyat keyfiyyətinin ayrılmaz hissəsidir. İnanırıq ki, bu
layihələr Bakıda nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə
azaldacaq, şəhər mərkəzinə düşən yükü optimallaşdıracaq və daha
dayanıqlı metropol gələcəyinin qurulmasına töhfə verəcək”, – deyə o
əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.




Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir