Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsi xərci ödəniləcək

Baş səhifə

Bakı. Trend:

Nazirlər Kabineti “Dövlət orqanlarının işğaldan azad edilmiş
ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil
kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi
məsələlərin tənzimlənməsi haqqında” qərar verib.

Trend xəbər
verir ki, qərara əsasən, müəyyən edilib:

– dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən
və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50
km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu
şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər
ay 100 manat məbləğində vəsait ödəniləcək:

– nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə
işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün
ödəniləcək;

– nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq
olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait
ödəniləcək.

Dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, bu qərarda
göstərilən şəxslərin sayı haqqında hər il iyulun 1-nə olan
məlumatın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və ya
müvafiq ərazidə çoxmənzilli binaların idarə edilməsi sahəsində
fəaliyyət göstərən qurumlarla razılaşdırmaqla, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin
etsinlər.

Maliyyə Nazirliyinə tapşırılıb ki, hər il dövlət büdcəsinin
layihəsində mərkəzləşdirilmiş xərclər üzrə göstərilən şəxslər üçün
mənzil kirayəsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə vəsait
nəzərdə tutsun. Eyni zamanda hər ay üzrə müvafiq səlahiyyətli
qurumlarla aidiyyəti dövlət orqanları arasında nəzərdə tutulan
şəxslərin sayı ilə bağlı razılaşdırılmış üzləşmə aktına əsasən
müvafiq vəsaitin aidiyyəti səlahiyyətli qurumlara ödənilməsini
təmin etsin, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq
ərazidə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən
publik hüquqi şəxslərə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına
təyinatlı tədbirlərin həyata keçirilməsi üçün proqnozlaşdırılacaq
məqsədli vəsaitin həcminin bu Qərara əsasən mənzil kirayəsinə görə
ödəniləcək vəsaitin həcmi qədər azaldılmasını təmin etsin.

Bu qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir