
Bakı.Trend:
Tarixi və mədəni irs obyektləri beynəlxalq sazişlər və
konvensiyalar çərçivəsində görülən tədbirlərə baxmayaraq, hələ də
müxtəlif təhlükələrlə üzləşməkdədir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının mədəniyyət nazirinin
müavini Fərid Cəfərov WUF13 çərçivəsində keçirilən “Dayanıqlı və
İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli”
mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, zəngin mədəni irsin qorunması və gələcək
nəsillərə ötürülməsi günümüzün ən vacib məsələlərindən biridir.
Nazir müavininin sözlərinə görə, mədəni irsin mühafizəsi yalnız
mədəniyyət sahəsinə aid məsələ deyil, həm də dövlətlərin və
cəmiyyətlərin üzərinə düşən mühüm məsuliyyətdir. Bu səbəbdən bu
istiqamətdə həyata keçirilən layihə və təşəbbüslər xüsusi əhəmiyyət
daşıyır.
F.Cəfərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və
yenidənqurma proqramları həyata keçirilir. Həmin ərazilərdə tarixi
və mədəni abidələrin bərpası ilə yanaşı, sosial və mühəndis
infrastrukturunun yenidən qurulması istiqamətində də mühüm işlər
görülür.
Nazir müavini qeyd edib ki, azad olunmuş ərazilərdə aparılan
yenidənqurma prosesi ardıcıl şəkildə davam edir, bölgənin mədəni
həyatı və tarixi siması mərhələli şəkildə bərpa olunur. Bu
tədbirlər həm mədəni irsin qorunmasına, həm də ərazilərdə dayanıqlı
yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

