Buxarest şəhərində ölkəmizin müstəqillik gününə həsr olunmuş təntənəli tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 26-da Azərbaycan Respublikaasının Rumıniyadakı
Səfirliyinin təşkilatçılığı ilə Buxarest şəhərindəki “Marriott”
mehmanxanasının “Grand Ballroom” zalında ölkəmizin Müstəqillik Günü
nə həsr olunmuş təntənəli tədbir keçirilib.

Trend xəbər verir
ki, mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri,
çoxsaylı deputat və senatorlar, ictimai-siyasi xadimlər, bu ölkədə
akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və
mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar
icmasının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri,
Rumıniyada təhsil alan və məskunlaşmış həmvətənlərimiz iştirak
edib.

Səfir Qüdsi Osmanov qonaqları salamlayıb və rumın dilində çıxış
edib.

O, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi
əhəmiyyətindən, xalqımızın XX əsrin sonunda müstəqilliyini bərpa
etməsindən sonra qarşılaşdığı ağır sınaqlardan və Ümummilli Lider
Heydər Əliyevin dövlətçilik qarşısındakı misilsiz xidmətlərindən
bəhs edib.

O bildirib ki, Prezident Ilham Aliyev rəhbərliyi ilə Azərbaycan
son illərdə siyasi, iqtisadi və diplomatik sahələrdə mühüm uğurlar
əldə edib, regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində strateji rol
oynayan etibarlı tərəfdaş kimi çıxış etdiyini bildirən səfir qeyd
edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ vasitəçiliyi, o
cümlədən Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan
liderləri arasında münasibətlərin normallaşdırılmasına dair mühüm
sənəd imzalanıb və bu, regionda uzunmüddətli münaqişənin sona
çatdırılması üçün əsas yaradıb. Onun sözlərinə görə, Cənubi
Qafqazda sülh yalnız region ölkələrinin deyil, bütövlükdə
Avropanın, xüsusilə də Avropaya açılan əsas qapılardan biri hesab
olunan Rumıniyanın maraqlarına xidmət edir.

Rumıniya Senatının sədri Mirça Abrudean 28 may 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixdə tutduğu
yerə toxunub, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan
ikinci ölkə olmasını, iki ölkə arasında strateji tərəfdaşlıq
əlaqələrinin mövcudluğunu xatırladıb, Rumıniyanın 2009-cu ilin
sentyabr ayında Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsinin
imzamaqla ölkəmizin strateji əhəmiyyətini anlayan ilk Avropa
İttifaqı dövləti olduğunu vurğulayıb. O, Azərbaycan
investisiyalarının rəqəmsal infrastruktur layihələri və yaşıl
enerji də daxil olmaqla Rumıniyanın enerji infrastrukturumuzda
vacib yer tutduğunu, hər iki ölkənin çətinliklərlə dolu bir dünyada
ortaq bir yol üzrə tərəfdaş olmasını qeyd edib.

Rumıniya Prezident Administrasiyasında dövlət müşaviri Vlad
İonesku ikitərəfli tərəfdaşlığın əsasının ulu öndər Heydər Əliyevin
1995-ci ildə həyata keçirdiyi Buxarestə səfəri əsnasında
qoyulduğunu, hazırda Azərbaycanın Rumıniyanın Cənubi Qafqaz
regionunda əsas iqtisadi tərəfdaşı olduğunu qeyd edib. V.İonesku
Cənub qaz dəhlizi, Qara dənizin altından yaşıl enerjinin nəqli,
Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu layihələri
çərçivəsində əməkdaşlıqdan bəhs edib və bu layihələrin Rumıniyanın
enerji təhlükəsizliyi, eləcə də bütün Avropa üçün əhəmiyyətini
vurğulayıb. O bildirib ki, Rumıniya regiondakı sabitlik baxımından
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı, eləcə də
Azərbaycan və Ermənistanarasında sülh prosesini dəstəkləyir.

Rumıniyanın Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə
dövlət katibi – nazir müavini Ana Kristina Tinka çıxışında
Azərbaycanın hazırda sivilizasiyaların və xalqların qovuşduğu
məkanda yerləşdiyini və Cənubi Qafqazdakı əsas geostrateji
mövqeyini vurğulayıb. Cari ildə ikitərəfli əlaqələrin qurulmasının
35 illiyinin tamam olduğunu bildirən nazir müavini Qara dəniz-Xəzər
multimodal nəqliyyat dəhlizi barədə sazişin ən qısa müddət ərzində
imzalancağlına ümid etdiyini bildirib. O qeyd edib ki, Cənubi
Qafqaz hazırkı beynəlxalq kontekstdə getdikcə artan əhəmiyyət kəsb
edən bir bölgə və Azərbaycan bu regionun ən vacib dövlətidir.
A.Tinka 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin paraflanmasını alqışlayıb, sülh müqaviləsinin
imzalanmasının isə regionun potensialının tam istifadəsinə yardım
edəcəyini bildirib. Nazir müavini, həmçinin Rumıniya Aİ və
Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini dəstəklədiyini
açıqlayib.

Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri,
baş nazirin keçmiş müavini Marian Neakşu Azərbaycanın Rumıniya və
bütövlükdə Avropa üçün mühüm rolunu vurğulayaraq ölkəmizin
Rumıniyanın ən yaxşı dostlarından biri adlandırıb. O bildirib ki,
ötən illər ərzində həyata keçirilmiş 3 dövlət başçısı, 2 baş nazir,
eləcə də çoxsaylı parlament sədrləri səviyyəsində qarşılıqlı
səfərlər ikitərəfli əlaqələrin artan qrafik üzrə inkişafından xəbər
verir. Parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrdəki
mühüm roluna toxunan M.Neakşu həm yaşıl, həm də qaz enerjisinin həm
Rumıniyanın, həm də Avropanın iqtisadi inkişafı üçün çox vacib
mənbələr olduğunu, eləcə də Rumıniyanın özünü Azərbaycan
Respublikasının enerji məhsullarına Avropanın qapısını açmağa layiq
olduğunu göstərdiyini qeyd edib. Çıxışının sonunda M.Neakşu ərazi
bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı təbrik edib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Rumıniyanın keçmiş
prezidenti Emil Konstantinesku çıxışında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev haqqında da fikirlərə yer verib. O,
ümummilli lider ilə Bakıda və Buxarestdə qarşılıqlı surətdə
səfirliklərin açılması və səfirlərin təyin olunması barədə qərar
qəbul etdiklərini xatırladıb, ümummilli lider Heydər Əliyevlə ildə
ən azı 4-5 dəfə, sonra isə son 25 ildə, səlahiyyət müddəti
bitdikdən sonra, prezident İlham Əliyevlə ildə ən azı iki-üç dəfə
görüşmək üçün fürsətinin olduğunu nəzərə çatdırıb.

E.Konstantinesku bildirib ki, 1996-cı ildə ATƏT-in Lissabon
zirvə görüşündə ulu öndər ilə dostluq münasibətləri yaranıb və daha
sonra isə ümummilli liderin təşəbbüsü ilə Asiya və Avropa arasında
qədim İpək yolunun bərpası istiqamətində ciddi işlər görülüb. O
qeyd edib ki, indiki dövrün prizmasından baxanda ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulmuş və prezident İlham Əliyev
tərəfindən davam etdirilmiş həmin planların artıq həyata
keçirildiyinin şahidi oluruq.

Mərasim iştirakçıları üçün foyedə təşkil olunmuş işğaldan azad
olunmuş ərazilərində bərpa və quruculuq işlərini, mina problemini,
ölkəmizin inkişafını və turizm potensialını əks etdirən, eləcə də
ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasına
və Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə
tanış olmaq imkanı yaradılıb. Sərgi ziyarətçilərinin suallarını
səfirliyin əməkdaşları cavablandırıblar.

Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə
məxsus təamlar təqdim edilib. Tədbir Rumıniya mətbuatında da geniş
işıqlandırılıb və ölkəmizin müstəqil dövlət kimi güclənməsini əks
etdirən rəmzi bir hadisə kimi təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir