Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald
Kompanokanın fərdi sərgisinin açılışı olub.

Trend xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva
və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış
incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

“Yuxular teatrı” (“The Theater of Dreams”) adlı sərgidə
müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim
olunub.

Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald
Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır
və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində
keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni
digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi
təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları
və yaradıcı baxışları bir araya gətirməsidir.

O vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlərin bir qismi
Azərbaycan mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Eyni zamanda,
bəzi işlərdə xalça elementləri, digər əsərlərdə isə Azərbaycan
motivləri və ölkəmizin adı əks olunub. Ronald Kompanoka əlavə edib
ki, yaradıcılığında həm fantaziya, həm də sehrli sürrealizm
elementləri yer alır. Bununla belə, o, əsərlərini daha çox realist
və mistik üslubun sintezi kimi dəyərləndirir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru
Anar Ələkbərov bildirib ki, rəssamla artıq bir neçə ildir sərginin
Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılırdı və
nəhayət bu layihəni reallaşdırmaq mümkün olub. O, bu müddət ərzində
fəal yaradıcılıq fəaliyyəti göstərdiyinə və sərginin təşkilinə
verdiyi dəstəyə görə rəssama təşəkkür edib.

Anar Ələkbərov, həmçinin bu cür layihələrin həyata keçirilməsinə
göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Çıxış edən Ronald Kompanoka isə qeyd edib ki, sərgidə təqdim
olunan iriölçülü əsərlər üzərində son bir il ərzində intensiv
çalışıb. Onun sözlərinə görə, bu əsərlər detallara olan xüsusi
həssaslığının, görünməyəni görünənə çevirmək istəyinin və daxili
dünyasının bədii ifadəsinin nəticəsidir.




Qeyd olunub ki, ekspozisiyada nümayiş olunan əsərlərin ana
xəttini zaman, səyahət və yuxular mövzusu təşkil edir. Sərgidə
xatirələri qoruyan saatlar, buludlar yaradan gəmilər, Ay işığında
hərəkət edən karvanlar və eyni mənzilə doğru can atan obrazlar
xüsusi yer tutur.

Tədbir çərçivəsində Kompanokanın əsərlərindəki obrazları
səciyyələndirən müxtəlif personajların iştirakı ilə bədii proqram
da təqdim olunub.

Daha sonra qonaqlar “Yuxular teatrı” sərgisi ilə tanış
olublar.

Xəyali aləmə aparan sərginin əsas personajlarını təlxəklər,
musiqiçilər, sehrbazlar, səyyahlar və fantastik varlıqlar təşkil
edir. Bu obrazlar tamaşaçını rəssamın daxili dünyasına doğru
qeyri-adi səyahətə aparır.

Ronald Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi
əsasında yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün incə
tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Bu bədii
yanaşmada İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi
dünyaşöhrətli sənətkarların yaradıcılığına istinad olunur.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə ünsiyyət quran Ronald
Kompanokanın əsərləri bu günədək Avropa, ABŞ və Mərkəzi Amerikanın
müxtəlif ölkələrində nümayiş etdirilib.

Sərgi 2027-ci il martın 1-dək davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir