Adekvat mənzil siyasəti yerli xalqların iştirakı ilə hazırlanmalıdır – “UN-Habitat” rəsmisi

Baş səhifə

Bakı. Trend:

Yerli xalqlar üçün adekvat mənzil hüququ torpaq, mədəniyyət və
ənənəvi biliklərdən ayrı şəkildə nəzərdən keçirilə bilməz.

Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)
Kanadadakı Ofisinin rəhbəri Omar Siddique Bakıda WUF13 çərçivəsində
keçirilən “Yerli xalqların hüquqları” üzrə dəyirmi masada
deyib.

O bildirib ki, yerli xalqların mənzil hüquqlarının pozulması
təkcə fərdi insan hüquqlarının məhdudlaşdırılması deyil, həm də
kollektiv hüquqlara, ənənələrə, həyat tərzinə və icma dəyərlərinə
zərbə vurur.

“Yerli xalqların adekvat mənzilə çıxış sahəsində üzləşdikləri
problemlərin kökündə tarixi ədalətsizliklər, müstəmləkəçilik
siyasəti və onların torpaq və ərazilərindən sistemli şəkildə məhrum
edilməsi dayanır”, – deyə o vurğulayıb.

Omar Siddique qeyd edib ki, bu problemlərin nəticələri dünyanın
müxtəlif ölkələrində açıq şəkildə müşahidə olunur.

“Yerli xalqlar arasında evsizlik hallarının yüksək olması,
məcburi köçürülmələr, torpaq zəbt edilməsi və yenidən
məskunlaşdırma prosesləri bunun ən bariz nümunələridir. İqlim
hadisələri, münaqişələr, müxtəlif inkişaf layihələri və ya yerli
xalqların torpaq hüquqlarının tanınmaması səbəbindən baş verən
köçürülmələr onların kimliyini və mədəniyyətini yaşadan
torpaqlardan uzaq düşməsinə səbəb olur”, – deyə o bildirib.

UN-Habitat nümayəndəsinin sözlərinə görə, bu məsələlərin həlli
hüquqlara əsaslanan və yerli xalqları qərar qəbuletmə prosesinin
mərkəzinə yerləşdirən kompleks yanaşma tələb edir.

“BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsində də əks
olunduğu kimi, adekvat mənzil siyasəti yerli xalqların iştirakı ilə
hazırlanmalıdır. Mənzil həlləri həmin insanların ehtiyaclarına,
gözləntilərinə və gündəlik həyat təcrübələrinə uyğun şəkildə
formalaşdırılmalıdır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, mənzil hüquqlarının təmin olunması heç
kimin və heç bir məkanın diqqətdən kənarda qalmadığı inklüziv
yanaşma tələb edir.

UN-Habitat nümayəndəsi qeyd edib ki, dəyirmi masada Latın
Amerikası, Afrika və Asiyadan olan çoxsaylı yerli xalq liderlərinin
iştirakı təcrübə mübadiləsi, tövsiyələrin hazırlanması və ən yaxşı
praktikaların paylaşılması üçün mühüm imkan yaradır.

Omar Siddique əlavə edib ki, müzakirələrin nəticələri WUF13
çərçivəsində hazırlanacaq Bakı Fəaliyyət Çağırışına (Baku Call to
Action), eləcə də Yeni Şəhər Gündəliyinin aralıq icmalına dair
proseslərə töhfə verəcək.




“Yerli xalqların adekvat mənzil hüququ UN-Habitat-ın qlobal
səviyyədə fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq. Bu
məsələ Bakı Fəaliyyət Çağırışından başlayaraq Yeni Şəhər
Gündəliyinin icmalına və sonrakı təşəbbüslərə qədər diqqət
mərkəzində saxlanılacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün yekun günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhər rifahı məsələlərinə
dair müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

WUF13-ün ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti
və şəhərlərin dayanıqlılığı mövzularına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Həmçinin WUF13 çərçivəsində Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq baxımından mühüm platforma kimi təqdim olunan Mexiko
şəhərinin pavilyonunun açılışı olub.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzularda müzakirələr aparılıb.

Üçüncü günün ən diqqətçəkən hadisələrindən biri Azərbaycanın
Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma
memorandumu imzalanması olub.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv
şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına
həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.

Həmçinin Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə
olaraq “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıq və qərarqəbuletmə”
(WUF13 NGO Forum) keçirilib.

Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dəyişikliklərinə
davamlılıq, şəhər idarəçiliyində süni intellektin tətbiqi, “yaşıl”
urbanizasiya və sosial bərabərlik məsələlərinin müzakirəsi davam
etdirilib.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunan WUF13 forumu dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə
hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirib. Forumda iştirak üçün
dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir