
Bakı.Trend:
UN-Habitat tərəfindən Bakıda təşkil olunan “Ümumdünya Şəhərsalma
Forumunun” 13-cü sessiyası çərçivəsində “Baku White City” layihəsi
ilə “Pasha Development” şirkəti arasında Sahilyanı Kvartalın bir
sıra obyektlərinin birgə inkişafına dair saziş imzalanıb.
Bu barədə Trend
xəbər verir.
Sazişi “PASHA Real Estate”-in rəhbəri Özgür Geter və “Baku White
City” layihəsinin icraçı direktoru Ruslan Sadıxov imzalayıblar.
Sahilyanı kvartal şimaldan 8 Noyabr prospekti, cənubdan isə Ağ
Şəhər bulvarı ilə həmsərhəddir.
Dayanıqlı inkişafın kompleks yanaşması əsasında formalaşdırılan
Sahilyanı kvartal keyfiyyətcə yeni şəhər mühitinə xüsusi diqqət
yetirməklə yaşayış, kommersiya və ictimai məkanların balanslı
vəhdətini nəzərdə tutur. Yeni iş həcmi layihənin ən diqqətçəkən və
strateji əhəmiyyətli sərhədlərindən biri olan sahilboyu ərazilərdə
nəqliyyat bağlantısının, hərəkət səmərəliliyinin və ictimai
məkanların keyfiyyətinin artırılmasına yönəlib. Layihə həmçinin iş,
istirahət və kommersiya fəaliyyəti üçün bir sıra unikal ümumşəhər
obyektlərinin yaradılmasını və Bakı bulvarının on kilometr
uzadılmasını nəzərdə tutur.
Saziş ictimai və kommersiya məkanlarının, iri ictimai parkinqin,
şəhər tədbirləri üçün meydanın, əlamətdar yaşayış və ofis
binalarının, hotellərin, konqres zalının və muzeyin inkişafı üzrə
birgə fəaliyyəti nəzərdə tutur.Hazırlanan hündürmərtəbəli binalar
və yeni “Marina” yaxta limanı paytaxtın tanınan sahil panoramını
formalaşdıracaq və Bakı buxtasının inkişafı üçün yeni imkanlar
yaradacaq.
Sahilyanı kvartalda piyadaların maksimum rahatlığı nəzərə
alınmaqla metro stansiyalarının çıxışları da nəzərdə tutulub.
Sahilyanı kvartalın hazırlanmasına “Atkins”, Foster + Partners,
Gensler, UNStudio, Chapman Taylor və digər aparıcı beynəlxalq
konsaltinq şirkətləri və memarlıq büroları cəlb olunub.
“PASHA Development” Azərbaycan, Türkiyə, Monteneqro, Gürcüstan,
Özbəkistan və ABŞ-də premium daşınmaz əmlak obyektlərinin inkişafı
və idarə olunması üzrə ixtisaslaşan Azərbaycanın aparıcı
şirkətidir. Şirkət layihələndirmə, tikinti, investisiya, aktivlərin
idarə olunması və istismar sahələrində tam inteqrasiya olunmuş
imkanlara malik olmaqla, daşınmaz əmlakın müxtəlif seqmentlərində
layihələr həyata keçirir.
PASHA Real Estate
“PASHA Real Estate”in portfelinə hotel biznesi obyektləri,
yaşayış, kommersiya və ticarət daşınmaz əmlakı, ticarət mərkəzləri,
biznes mərkəzləri, ekspo mərkəzləri və beynəlxalq bazarlarda
dayanıqlı aktivlərin və uzunmüddətli dəyərin yaradılmasına yönəlmiş
çoxfunksiyalı komplekslər daxildir.
“Baku White City” bu gün müasir şəhərlərin inkişaf istiqamətini
– insanların necə yaşadığına, hərəkət etdiyinə və uzunmüddətli
perspektivdə bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğuna yönəlmiş
yanaşmanı əks etdirir. Layihə ekoloji bərpa, infrastruktur və
ictimai həyatı vahid uzunmüddətli strategiya çərçivəsində
birləşdirən bütöv şəhər rayonu kimi nəzərdə tutulub. Sahilboyu
ərazilərdə aparılan işlər beynəlxalq təcrübə ilə yerli baxışın
uzlaşdırılması əsasında bu ərazini beynəlxalq səviyyədə tanınan
məkana çevirəcək ictimai məkanın formalaşdırılmasına xidmət
edir.
“Baku White City” paytaxtın şəhər mühitinin inkişafında dönüş
nöqtəsini ifadə edir. Vaxtilə “Qara şəhər” kimi tanınan, neft emalı
müəssisələrinin, anbar obyektlərinin və deqradasiyaya uğramış
torpaqların yerləşdiyi yüzillik sənaye ərazisi bu gün Azərbaycan
Prezidentinin ekoloji vəziyyətin yaxşılaşdırılması haqqında
Sərəncamına uyğun olaraq həyata keçirilən genişmiqyaslı
regenerasiya proqramı çərçivəsində yenidən qurulur. Güclü dayanıqlı
inkişaf gündəliyinə əsaslanan layihə dünyanın ən iri çirklənmiş
sənaye zonalarından birini yüksək həyat keyfiyyətinə, investisiya
cəlbediciliyinə və uzunmüddətli iqtisadi imkanların yaradılmasına
yönəlmiş, vahid və dəqiq planlaşdırılmış şəhər rayonuna
çevirir.

