WUF13-də vətəndaş cəmiyyəti ümumi iştirakçıların 12 faizini təşkil etdi – Anar Quliyev

Baş səhifə

Bakı. Trend:

WUF13 həm dizayn, həm də icra baxımından yüksək inklüzivliyi ilə
seçildi. Vətəndaş cəmiyyəti forumda fəal şəkildə iştirak etdi və
ümumi iştirakçıların 12 faizini təşkil etdi.

Trend xəbər
verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan
rəsmi bağlanış mətbuat konfransında deyib.

O vurğulayıb ki, Biznes və İnnovasiya Mərkəzinin yaradılması
özəl sektor, investorlar və startaplarla əməkdaşlığı gücləndirdi və
innovasiyanın şəhər transformasiyasındakı rolunu artırdı:

“Sevindiricidir ki, özəl sektor iştirakçıların 13 faizini təşkil
etdi. Forum bir daha göstərdi ki, şəhər transformasiyası
hökumətlər, icmalar və tərəfdaşlar birlikdə çalışdığı zaman daha
effektiv olur”.

A.Quliyev həmçinin əlavə edib ki, WUF13-ün ən diqqətçəkən
hissələrindən biri “Urban Expo” zonası oldu:

“10 min kvadratmetrdən çox sərgi sahəsini əhatə edən ekspoda 81
ölkədən 260 iştirakçı təşkilat 122 stend və pavilyonla təmsil
olundu. Burada hökumətlər, universitetlər, vətəndaş cəmiyyəti
qurumları, dövlət təşkilatları və özəl sektor, o cümlədən
startaplar və innovasiya təşəbbüsləri iştirak etdi.

1 500 kvadratmetrlik Azərbaycan pavilyonu “Vizyondan fəaliyyətə
— insanlarla birlikdə” konsepsiyası altında ölkənin şəhər
transformasiyası yolunu nümayiş etdirdi. Pavilyonda mədəni irs,
dayanıqlı planlaşdırma, ağıllı şəhərlər, mənzil siyasəti, turizm və
azad edilmiş ərazilərdə aparılan bərpa işləri təqdim olundu.
Pavilyon daxilində təxminən 30 tədbir keçirildi və burada 1 500-ə
yaxın yerli və beynəlxalq iştirakçı iştirak etdi”.




Komitə sədri bildirib ki, WUF13 çərçivəsində ilk dəfə QHT Forumu
da təşkil olundu:

“100-dən çox ölkədən təxminən 800 iştirakçını bir araya gətirən
forum vətəndaş cəmiyyətinin, yerli icmaların və ictimai
təşəbbüslərin inklüziv və insan mərkəzli şəhər gələcəyinin
qurulmasındakı rolunu ön plana çıxardı. Forum çərçivəsində
Azərbaycan QHT-lərinin təşəbbüsü ilə Şəhər Dayanıqlılığı və Qlobal
Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edildi. Sənəd WUF13-də
iştirak edən 82 ölkədən 441 vətəndaş cəmiyyəti nümayəndəsi
tərəfindən imzalandı.

Azərbaycan pavilyonunda 59 tədbir keçirildi və təxminən 3 min
yerli və beynəlxalq iştirakçı iştirak etdi. Qlobal Cənub QHT
Platformasının pavilyonunda isə 30-a yaxın tədbir təşkil olundu və
burada 1 500 iştirakçı yer aldı.

WUF13 yalnız konfrans məkanı ilə məhdudlaşmadı. Bakı Şəhər
Həftəsi və forum festivalı çərçivəsində doqquz şəhərdə keçirilən 55
tədbirdə 115 mindən çox insan dayanıqlı şəhər inkişafı ilə bağlı
müzakirələrə qoşuldu. Forum həmçinin 1 000-dən çox akkreditə
olunmuş media nümayəndəsinin iştirakı ilə geniş qlobal media
diqqəti qazandı”.

O əlavə edib ki, gənclərin iştirakı da WUF13-ün əsas
xüsusiyyətlərindən biri oldu:

“Forumun təşkili və uğurlu fəaliyyəti üçün 2 500 könüllü
çalışdı. Bu, Azərbaycan gənclərinin peşəkarlığını,
qonaqpərvərliyini və dinamizmini nümayiş etdirdi. Onların iştirakı
bilik mübadiləsi, bacarıqların inkişafı və qlobal şəhər
proseslərində gənclərin fəal iştirakını təşviq edən ən dəyərli
irslərdən biri hesab olunur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir