Orta Dəhliz Mərkəzi Asiya ölkələrinə marağı artırır – UN-Habitat

Baş səhifə

Bakı.Trend:

UN-Habitat və Mərkəzi Asiya ölkələri Orta Dəhlizi regiona diqqət
cəlb etmək imkanı kimi müzakirə ediblər.

Trend xəbər verir
ki, bunu WUF13 çərçivəsində keçirilən “Mərkəzi Asiyanın yeni
paytaxtları və yeni şəhərləri. İqlim dayanıqlığının artırılması
məqsədilə su istehlakı nəzərə alınmaqla şəhərsalma və mənzil
tikintisi” mövzusunda sessiya zamanı UN-Habitat-ın Şərqi Avropa və
Mərkəzi Asiya üzrə regionlararası məsləhətçisi Katya Şefer
deyib.

“Biz Astanada şəhərin formalaşması və son 30 ildə əldə olunan
dərslərlə bağlı uzun müzakirələr apardıq. Məncə, memarlıq
layihələrini, gələcəyə dair vizioner konsepsiyaları və sürətlə
böyüyən meqapolisləri gördükdə belə suallar qaçılmaz şəkildə
yaranır. Bütün bunlar bəşəriyyətin hələ cavab tapmalı olduğu
çağırışlardır. Hesab edirəm ki, şəhərlərin və yaşayış
məntəqələrinin inkişafına polisentrik yanaşmanın Qazaxıstan kimi
geniş əraziyə və nisbətən az əhaliyə malik ölkələrdə, sürətlə
böyüyən Özbəkistandan fərqli olaraq necə işləyə biləcəyi barədə
düşünmək də vacibdir. Biz tamamilə fərqli urbanizasiya
ssenarilərini müşahidə edirik. Belə bir sual yaranır: yeni şəhərlər
bu çağırışlara necə cavab verə bilər?” – deyə Şefer bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz də regiona diqqət cəlb etmək,
yeni iş yerləri yaratmaq və maliyyə kapitalını cəlb etmək imkanı
kimi fəal şəkildə müzakirə olunur.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
sonuncu günü keçirilir.

Forumun yekun gününün proqramı yerli xalqların və qadınların
şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla
başlayacaq.

Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr
olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi
mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi
keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet
təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi
mərasimi təşkil ediləcək.




Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində
aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma,
mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq
istiqamətlərini müəyyənləşdirəcəklər.

WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq,
süni intellektin şəhər idarəçiliyində tətbiqi, yaşıl urbanizasiya
və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.

Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün
keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumu”nun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsinə qoşulduğu elan olunub.

Üçüncü gün çərçivəsində isə Azərbaycanın Shusha şəhəri ilə
Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, Mexico City pavilyonunun açılışı baş
tutub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-də yekunlaşır. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir