
Bakı. Trend:
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) bağlanış mərasimi baş tutub.
Trend xəbər
verir ki, mərasimdə BMT Baş katibinin müavini Amina Mohammed,
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru
Anaklaudiya Rozbax, Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev, WUF13 üzrə milli koordinator və
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev,
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, eləcə
də müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq
təşkilatların rəhbərləri, şəhər merləri və ekspertlər iştirak
ediblər.
Bağlanış mərasimində çıxış edən natiqlər forumun şəhərlərin
dayanıqlı inkişafı, mənzil təminatı, iqlim dəyişikliyi,
urbanizasiya proseslərinin idarə olunması və beynəlxalq
əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm platforma rolunu
oynadığını vurğulayıblar.
Qeyd olunub ki, “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı
şəhərlər və icmalar” mövzusu altında keçirilən WUF13 şəhər inkişafı
sahəsində qlobal çağırışların müzakirəsi və həll yollarının
müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradıb.
Forum çərçivəsində dövlət qurumları, yerli və regional
hakimiyyət orqanları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti
institutları, akademik dairələr və özəl sektor nümayəndələri
arasında çoxsaylı görüşlər, müzakirələr və əməkdaşlıq təşəbbüsləri
həyata keçirilib.
Tədbirdə bildirilib ki, WUF13 rekord göstəricilərlə yadda qalıb.
Forumda 176 ölkədən on minlərlə iştirakçı təmsil olunub, yüzlərlə
sessiya, panel müzakirəsi, sərgi və yan tədbir təşkil edilib.
Mərasimin sonunda forumun iştirakçılarına və təşkilatçılarına
təşəkkür edilib, Azərbaycanın qonaqpərvərliyi və tədbirin yüksək
səviyyədə təşkili xüsusi vurğulanıb. WUF13-ün yekun mesajında
şəhərlərin gələcəyinin həmrəylik, innovasiya və birgə fəaliyyət
əsasında qurulmasının vacibliyi qeyd olunub.
xxx
15:11
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) bağlanış mərasimi başlayıb.
Trend xəbər
verir ki, mərasimdə Azərbaycan hökumətinin rəsmiləri, BMT
nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, xarici
ölkələrdən gəlmiş nümayəndə heyətləri, şəhərsalma və urbanistika
sahəsində ekspertlər iştirak edirlər.
Qeyd edək ki, mayın 17-dən etibarən Bakıda keçirilən WUF13
çərçivəsində yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və yan
tədbir təşkil olunub. Forum şəhərsalma, dayanıqlı inkişaf və
urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq
platformalarından biri hesab olunur.

