
Bakı. Trend:
Dünya Şəhər Forumu (WUF) Yeni Şəhər Gündəliyinin icrasının
monitorinqi üçün əsas platformaya çevrilməlidir.
Trend-in
verdiyi məlumata görə, bu, xüsusilə Dünya Şəhər Forumunun (WUF13)
Bakıda keçirilən 13-cü sessiyasının yekun sənədi olan “Bakı
Fəaliyyətə Çağırış”da qeyd olunub.
Sənəddə qeyd olunur ki, mənzil sahəsində öhdəliklər yetərsizdir,
zəif koordinasiya, məhdud imkanlar və səmərəsiz sistemlər
səbəbindən onların icrası gecikir.
“Biz aydın icra mexanizmləri, ölçülə bilən hədəflər və effektiv
monitorinq və hesabat sistemləri ilə milli mənzil strategiyalarının
həyata keçirilməsini, eləcə də institusional potensialı gücləndirən
təhsil, təlim və peşəkar inkişafa davamlı investisiyaların
qoyulmasını tələb edirik. Biz vətəndaş cəmiyyətini, yerli, regional
və milli hökumətləri tərəfdaşlıqlar, güclü milli Habitat forumları
və potensialı artırmaq, koordinasiyanı gücləndirmək, uğurlu
təcrübələri sənədləşdirmək və irəliləyişi izləmək üçün birgə
komitələr qurmağa təşviq edirik. Qlobal səviyyədə biz UN-Habitatı
Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini izləmək və uğurlu
mənzil təcrübələrini genişləndirmək üçün Dünya Şəhər Forumundan
əsas platforma kimi istifadə etməyə çağırırıq”, – deyə “Bakı
Fəaliyyət Çağırış”da bildirilir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə keçirilən forum “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr
olunub.
Forum çərçivəsində 579 sessiya keçirilib,” Urban Expo”
sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı
iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli
qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri,
beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik
dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin
nümayəndələrini bir araya gətirib.
Forumun əsas yekunlarından biri “Bakı Fəaliyyətə Çağırışı”
sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli
idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma
nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə
hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub.
Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma
əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin
yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli
idarəetmənin, investisiyaların və icmaların iştirakının
gücləndirilməsinə çağırış edilir.

