BMT-ni əvəz etmək mümkün deyil – İsmayıl Serageldin

Baş səhifə

Bakı. Trend:

Dünya getdikcə çoxtərəflilik prinsiplərindən uzaqlaşır, BMT
qlobal legitimliyə malik və bütün ölkələrin bərabər iştirakını
təmin edən yeganə struktur olaraq qalır.

Trend xəbər
verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
İsmayıl Serageldin XIV Qlobal Bakı Forumunun Bəyannaməsinin və GPA
Jurnalının 12-ci sayının təqdimatına həsr olunmuş tədbirdə
bildirib.

O bildirib ki, bu gün beynəlxalq ictimaiyyətin açıqlığa və
dialoqa həmişəkindən daha çox ehtiyacı var.

“Böyük dövlətlər arasında bağlanan sövdələşmələr səbəbindən
BMT-nin əhəmiyyətsiz hala gəldiyini deyənlər var. Lakin mahiyyət
etibarilə BMT-ni əvəz etmək mümkün deyil. Bu, dünyanın bütün
ölkələrinin (böyük və kiçik) bərabər şəkildə görüşə biləcəyi yeganə
qurumdur”, Serageldin qeyd edib.

O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin çoxtərəflilik, həmrəylik
və açıq dialoq prinsiplərinə sadiqliyini vurğulayıb və 14
sentyabrda keçiriləcək Qlobal Dialoq Forumunda dünya liderlərinin
iştirakına ümid etdiyini bildirib.

İ.Serageldin həmçinin BMT-nin ilk qadın rəhbəri seçmək vaxtının
yetişdiyini bildirib.

“Səksən il uzun müddətdir. Dünyada gender balansına ehtiyacımız
var”, – deyə o bildirib.

Mövcud qlobal dəyişikliklərdən danışan İ.Serageldin dünyanın
təkcə yeni bir nizama keçid deyil, həm də “əsl qırılma” yaşadığını
qeyd edərək, digər məsələlərlə yanaşı, ABŞ-ın beynəlxalq
təşkilatlarda iştirakının azaldığına da diqqət çəkib. Onun
sözlərinə görə, bu şəraitdə beynəlxalq həmrəyliyin bərpası xüsusilə
vacibdir.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.

UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə keçirilən forum “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr
olunub.

Forum çərçivəsində 579 sessiya keçirilib,” Urban Expo”
sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı
iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli
qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri,
beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik
dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin
nümayəndələrini bir araya gətirib.

Forumun əsas yekunlarından biri “Bakı Fəaliyyətə Çağırışı”
sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli
idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma
nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə
hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub.
Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma
əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin
yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli
idarəetmənin, investisiyaların və icmaların iştirakının
gücləndirilməsinə çağırış edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir