“SpaceX” “Starship”in 12-ci sınaq uçuşunu həyata keçirib

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın “SpaceX” şirkəti mayın 22-də “Starship” kosmik gəmisinin
prototipini və gücləndirici raketi 12-ci sınaq uçuşu çərçivəsində
orbitə göndərib.

Trend xəbər verir ki,
buraxılış “X” sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.

Raket Texas ştatında yerləşən “Starbase” kosmodromundan ABŞ-ın
şərq sahili vaxtı ilə saat 18:30-da, Bakı vaxtı ilə isə saat
02:30-da havaya qalxıb. “Starship S39” modeli “SpaceX”in üçüncü
nəsil V3 raket seriyasının ilk nümunəsi hesab olunur. Hündürlüyü
124 metr, çəkisi isə təxminən 8 min ton olan raket tarixdə ən iri
kosmik daşıyıcılardan biri sayılır. Sınaq uçuşunun təxminən bir
saat davam etməsi planlaşdırılır.

Şirkət uçuş zamanı “Starlink” rabitə şəbəkəsinə aid 20 peyk
simulyatorunu gəmidən çıxarmağı nəzərdə tutur. Bundan əlavə, daha
iki peyk vasitəsilə “Starship”in istilikdən qoruyucu örtüyünün skan
edilərək əldə olunan məlumatların Yerə ötürülməsi
planlaşdırılır.




“SpaceX” həmçinin “Raptor” mühərriklərindən birini kosmosda
yenidən işə salmağı hədəfləyir. Missiyanın sonunda gəminin Hind
okeanına eniş etməsi gözlənilir.

Bu, “Starship”in 2026-cı ildə həyata keçirilən ilk sınaq
missiyasıdır. Bundan əvvəlki uçuş 2025-ci ilin oktyabr ayında baş
tutmuşdu.

Şirkətin planına əsasən, “Starship” sistemi gələcəkdə pilotlu
kosmik uçuşlar, peyklərin orbitə çıxarılması, eləcə də Ay, Mars və
digər göy cisimlərinə missiyalar üçün istifadə olunacaq. Layihə
çərçivəsində həm “Super Heavy” sürətləndiricisinin, həm də
“Starship” gəmisinin təkrar istifadə edilə bilən və şaquli eniş edə
bilən formada işlənməsi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir