
Bakı.Trend:
ABŞ-nin İmmiqrasiya Xidməti əcnəbilər üçün viza və “qrin kart”
(Green card-ing) verilişi qaydalarını dəyişib. Artıq ABŞ ərazisində
ola-ola “qrin kart” üçün müraciət etmək mümkün olmayacaq, belə ki,
bunun üçün ərizəçi öz vətəndaşı olduğu ölkəyə qayıdaraq oradan
ABŞ-nin diplomatik missiyasına müraciət etməli olacaq.
Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS)
məlumat yayıb.
Bildirilib ki, əcnəbilər öz ölkələrindən müraciət etdikdə,
yaşayış icazəsi üçün ərizələrinə rədd cavabı gəldikdən sonra ABŞ-də
qanunsuz qalmağa çalışan şəxslərin axtarılması və deportasiya
edilməsinə ehtiyac azalır.
Qurumdan bildirilib ki, qeyri-immiqrasiya vizalarının sahibləri
— məsələn, tələbələr, müvəqqəti işçilər və ya turistlər – ABŞ-yə
qısa müddət və müəyyən məqsədlə gəlirlər. Onlar səfərləri başa
çatdıqdan sonra ölkəni tərk etməlidirlər. Lakin bir çox hallarda
onlar ABŞ-yə gəldikdən sonra immiqrasiya prosesinə başlayırlar.
Yeni qaydanın tətbiqi bunun qarşısını almağa yönəlib.

