Bu gün II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək

Baş səhifə

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları
üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən Trend
bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir,
Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki,
Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan,
Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan
binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762
buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 28 min 507, III ixtisas qrupu
üzrə imtahanda isə 28 min 340 nəfər olmaqla, ümumilikdə 56 min 847
abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral
iflic, eşitmə əngəlli və digər) 82 abituriyent də iştirak edəcək.
Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb,
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən
əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin
edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil
olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə,
sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə
xüsusi təlim keçirilib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi
başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.




Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir