
Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki–Qars dəmir
yolunun istifadəyə verildiyini açıqlayıb.
Trend xəbər verir ki,
Paşinyan bu barədə “Facebook” hesabında paylaşım edib.
O, Axalkalaki–Qars dəmir yolunun, eləcə də Azərbaycan dəmir yolu
şəbəkəsinin bundan sonra Ermənistan üçün idxal və ixrac məqsədilə
açıq olduğunu bildirib. Paşinyan bunun ölkənin iqtisadi həyatı üçün
mühüm hadisə olduğunu qeyd edib və Türkiyə ilə Gürcüstandan olan
tərəfdaşlara təşəkkürünü ifadə edib.
Baş nazirin sözlərinə görə, hazırda Ermənistan Gürcüstan və
Azərbaycan əraziləri vasitəsilə Rusiya ilə, həmçinin Rusiya və
Qazaxıstan üzərindən Çinlə dəmir yolu əlaqələrinə malikdir. Yeni
açılan marşrut isə bu şəbəkəni genişləndirərək, Avropa İttifaqı ilə
əlaqə yaradan və Gürcüstan və Türkiyə üzərindən keçən istiqaməti də
əlavə edir.
Paşinyan əlavə edib ki, yaxın perspektivdə Ermənistan–Türkiyə,
Ermənistan–Azərbaycan və daha sonra Naxçıvan vasitəsilə
Ermənistan–İran birbaşa dəmir yolu əlaqələrinin də istifadəyə
verilməsi gözlənilir.
O vurğulayıb ki, TRIPP layihəsinin reallaşması nəticəsində yaxın
zamanda bu proseslərin şahidi olunacaq.

