
Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı fətva
verib.
Bu barədə Trend-ə QMİ-dən bildirib.
Fətvada deyilir: “Bağışlayan və Mərhəmətli Allahın adı ilə!
Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri,
Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban
bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim
əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı
bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və
insanpərvərlik mesajını çatdırır.
Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban
bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:
Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara
əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən
zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan
şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə
paylamaq – böyük savab sayılır. Uca Allah müqəddəs Qurani-Kərimdə
qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini
vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə,
Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır…” (Həcc; 37).
Mübarək ayədəki ilahi hikmətə inanan hər kəs Qurban ibadətinin
mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan
çəkinməlidir.
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək
və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər
kəs azaddır, fəqət əziz Peyğəmbərimizin (s) tövsiyəsinə görə,
imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır.
Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib
yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən
heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu
heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə
çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək
iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə,
heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı
çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür:
bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə,
üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması
tövsiyə olunur.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən
Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı
Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf
edəcəkdir. Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri
Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə
bayram günü 27 may tarixi kimi təsdiqlənmişdir. Şəriətə uyğun
olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə
bilər. May ayının 27-də məscidlərimizdə Bayram namazları
qılınacaqdır, inşaAllah.
Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş
günü elаn edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə
görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi
dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarını və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanı bayram münasibətilə təbrik
edir, ailələrinə dindarlarımızın xeyir-dualarını yetirir,
dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə
xeyirxah və səmərəli fəaliyyətlərinə uğurlar arzulayırıq.
Həzrət Peyğəmbər (s) hədisi-şəriflərinin birində buyurmuşdur:
“Adəm oğlu Qurban bayramı günündə Allah üçün qurbanlıq kəsməkdən
daha gözəl bir iş edə bilməz”. Bu ibadətin gözəlliyi ondan
ibarətdir ki, insanı Allaha yaxınlaşdırır, təvazökarlığı,
itaətkarlığı və xeyirxahlığı təlqin edir, müsəlmanlar arasında
ictimai birliyi və ünsiyyəti, sevgi və qardaşlıq əlaqələrini
gücləndirir. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan
bu müqəddəs bayram günlərində Vətənimiz və millətimiz üçün dualar
etməliyik. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət
öndəri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam
bərpa etmişdir. Allah Vətən uğrunda canlarından keçmiş, uca
şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman
qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və
zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah
Azərbaycan dövlətini, xalqını və onun müdrik rəhbərini hər zaman
müzəffər etsin!
Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun
rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik
edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq
qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və
ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!
Amin!
Vəssəlаmu əleykum və rəhmətullаhi və bərəkаtuh!”.

