Subsidiya mexanizmi daha da təkmilləşdiriləcək – Məcnun Məmmədov

Baş səhifə

Bakı. Trend:

Subsidiya mexanizmi, əlbəttə ki, yeni Dövlət Proqramının dəstəyi
və cənab Prezidentin imzaladığı yeni fərmanlar əsasında daha da
təkmilləşdiriləcək. Lakin bu təkmilləşdirmə paralel şəkildə digər
islahatlarla birlikdə həyata keçiriləcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu kənd
təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət
komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı
sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət
Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə
deyib.

Torpaqların konsolidasiyası məsələsinə gəldikdə isə, hər bir
mütəxəssis təsdiqləyə bilər ki, torpaqların hazırkı parçalanmış
vəziyyətində onların su ilə təmin olunması üçün suvarma
şəbəkələrinin çəkilməsi dövlət üçün bəzən iki, hətta üç dəfə artıq
investisiya xərci tələb edir. Konsolidasiya ilk növbədə məhz bu
investisiya xərclərinin azaldılmasına xidmət edəcək.

İkinci olaraq, torpaq sahələrinin kompaktlaşdırılması istehsal
vasitələrindən istifadənin səmərəliliyini artıracaq, torpaqdan daha
effektiv istifadə imkanları yaradacaq. Üçüncü mühüm məqam isə
bundan ibarətdir ki, bu proses həm koordinat problemlərinin aradan
qaldırılmasına, həm də kadastr xəritələrinin dəqiqləşdirilməsinə
xidmət edəcək. Eyni zamanda torpaqların daha da parçalanmasının və
kiçilməsinin qarşısı alınacaq.

Bu çərçivədə torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq,
yeni yollar çəkiləcək və hər bir torpaq sahəsinin mütləq şəkildə
yol çıxışı təmin ediləcək. Bu gün kənd yerlərində bir çox torpaq
paylarına çatmaq üçün digər şəxslərin torpaq sahələrindən keçmək
zərurəti yaranır ki, bu da müxtəlif mübahisələrə və problemlərə
səbəb olur. Konsolidasiyanın məqsədi torpaqları sadəcə
birləşdirərək iri təsərrüfat yaratmaq deyil, məhz bu kimi
problemləri aradan qaldırmaq, aqrar istehsal üçün daha əlverişli
şərait formalaşdırmaqdır.

Pilot layihədən başlamamızın əsas səbəbi də məhz bu prosesin
Azərbaycanda ilk dəfə həyata keçirilməsidir. Türkiyə və Avropa
ölkələrinin təcrübəsini öyrənərkən gördük ki, ilkin mərhələdə
fermerlər müəyyən narahatlıqlar ifadə etsələr də, sonradan
nəticələri gördükdən sonra bu yanaşmanın tərəfdarına
çevrilirlər.

Məsələn, Türkiyədə torpaq konsolidasiyası layihələri 1960-cı
illərdən həyata keçirilsə də, proses xüsusilə 2006-cı ildən sonra
sürətlənib. O dövrdə bir fermerin orta hesabla 11 ayrı torpaq payı
var idi. Konsolidasiya nəticəsində bu göstərici 6 paya endirilib və
proses hələ də davam edir. Fermerlərlə aparılan söhbətlər zamanı
onlar bildirirlər ki, layihənin faydalarını gördükdən sonra torpaq
paylarının sayının daha da azaldılmasını arzulayırlar.

Azərbaycanda iki bölgənin seçilməsinin səbəbi isə həmin
ərazilərdə artıq su infrastruktur layihələrinin həyata
keçirilməsidir. Məhz buna görə 32 kənd pilot layihəyə cəlb olunub
və həmin kəndlərdə fermerlərin su təminatını qapalı şəbəkə sistemi
vasitəsilə həyata keçirmək mümkün olacaq.

Cins heyvanların xüsusi çəkisinin artırılması məsələsinə
gəlincə, bəli, 10 faiz göstəricisi yüksək hesab oluna bilməz. Lakin
uzun illər belə bir yanlış təsəvvür formalaşmışdı ki, yalnız süni
mayalanma yolu ilə 5-6 il ərzində ölkənin heyvandarlıq sektorunda
cins tərkibini tamamilə yeniləmək mümkündür. Elmi baxımdan bu,
doğru yanaşma deyil.

Mütəxəssislərin hesablamalarına görə, orta hesabla gündəlik 5
litr süd verən yerli cins heyvanların məhsuldarlığını süni
mayalanma yolu ilə artırmaq üçün ən azı dörd nəsil tələb olunur. Bu
isə minimum səkkiz il vaxt deməkdir. Nəticədə məhsuldarlıq 10-12
litrədək yüksələ bilər. Lakin məqsədimiz sadəcə 5 litrdən 10-12
litrə yüksəlmək deyil. Dünyada gündəlik 30-40 litr süd verən
cinslər mövcuddur və biz həmin potensialdan istifadə etməliyik.

Bu baxımdan İsrail təcrübəsi maraqlı nümunədir. Ötən əsrin
60-70-ci illərində İsrail süd təminatını gücləndirmək məqsədilə
Avropanın soyuq iqlimində yetişdirilən yüksək məhsuldarlıqlı
Holştayn cinslərini ölkəyə gətirdi və təxminən 30 il ərzində
onların yerli şəraitə uyğunlaşdırılması üzərində çalışdı. Bu gün
İsraildə bir inəyin gündəlik süd məhsuldarlığı orta hesabla 40 litr
təşkil edir. Bu göstərici Azərbaycanın hazırkı orta məhsuldarlığı
ilə müqayisədə dəfələrlə yüksəkdir.

Lakin bu nəticəyə qısa müddətdə nail olunmayıb. Uzunmüddətli
seleksiya işi, elmi yanaşma və ardıcıl dövlət siyasəti tələb
olunub. Buna görə də cins tərkibinin yenilənməsi, seleksiya
işlərinin genişləndirilməsi və süni mayalanmanın əhatə dairəsinin
artırılması üçün müəyyən zaman tələb olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir