Süni İntellekt və kiçik dövlətlərin seçimi

Baş səhifə

Bakı. Trend:

“Süni İntellekt və kiçik dövlətlərin strateji seçimləri”
mövzusunda 3 gün davam edən UNEC VIII İqtisadiyyat və İdarəetmə
Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (İSCEMR) öz
işini bitirdi.

İstər bütövlükdə, istərsə də konkret sahələrdə Süni İntellektin
(Sİ) tətbiqi ilə bağlı kiçik dövlətlərin özəllikləri və fərqli
yanaşmaları əsas müzakirə predmeti oldu. Bu istiqamətdə
səsləndirilən iki ümumiləşdirilmiş fikri bölüşməkdə fayda olduğunu
düşündük:

1. Sİ sahəsində böyük dövlətlərlə yeni texnologiyalar yaratmaq
yarışına çıxmaq, yoxsa ən yeni texnologiyaların səmərəli tətbiqinin
prioritetliyini təmin etmək arasında seçim etmək kiçik dövlətlər
üçün xüsusi önəm kəsb edir. Kiçik dövlətlər üçün müasir xarici
texnologiyaları “kopyalamaq” və ya öz modelini yaratmaq arasında
seçim əsas məsələ deyil. Konfransda Sİ texnologiyalarını ciddi
öyrənmək və onu yerli reallığa uyğunlaşdırmaqla yerli problemlərin
həllinə yönəltmək ən doğru seçim kimi səsləndirildi. Həm də qeyd
edildi ki, kiçik ölkələr üçün Sİ-lə bağlı texnologiyalardan daha
vacibi bu sahədə dəyişikliklərin istiqamətinin və yeniliklərin
məntiqinin öyrənilməsi daha əhəmiyyətlidir. Eləcə də, vacib
məsələlərdən biri kimi, həm də kiçik dövlətlər üçün prioritetlərin
çox deyil, məhdud sayda müəyyən edilməsinin önəmi vurğulandı.




2. Təhsildə Sİ rolu haqqında çox geniş müzakirələr aparıldı.
Bununla bağlı əsas və ən vacib məsələ kimi bildirildi ki, Sİ təhsil
prosesinə elə inteqrasiya edilmədir ki, o, koqnitiv inkişafı
gücləndirsin. Təhsildə texnologiyalardan əvvəl müəllimlərə
investisiya yatırılmasının daha doğru olduğu qeyd edildi. Kiçik
ölkələrdə ana dilində məlumat bazalarının və təhsil kontentinin
yaradılmasının əhəmiyyəti önə çəkildi . Başqa dövlətlərin təhsil
sistemini “kopyalamağa” da ehtiyac olmadığı vurğulandı. Süni
İntellekt dövründə daha vacibi təhsilə yanaşmanı dəyişmək və Sİ-i
təhsildə köməkçi alətə çevirmək məqsədinin doğru olduğu deyildi.
Eləcə də, Süni İntellektin müəllimi əvəz etməsinə hədəflənməyən və
müəllimin yeni rolunun gücləndirilməsini ehtiva edən, milli insan
potensialını gücləndirdiyi milli təhsil modelinin formalaşdırılması
əsas vəzifə kimi vurğulandı. Sİ sahəsində ən çox eşidilən “mütəxəssis yoxdur, ya da çox azdır” fikrinə münasibət və Sİ
sahəsində mütəxəssis hazırlığına yanaşma yuxarıda qeyd edilən və bu
kimi digər suallara aydınlıq gətirildikdən sonra formalaşa
bilər.

Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi, əsas resurs
artıq neft deyil, insan kapitalının keyfiyyətidir. Süni İntellekt
dövründə məhz burada kiçik dövlətlər üçün tarixi fürsət yaranır. Bu
baxımdan Sİ sahəsində qlobal texnologiyaları ciddi öyrənmək və
yerli həllərdə istifadə etməyə hədəflənmək faydalıdır. Beləliklə,
ümumi fikir ondan ibarət oldu ki, kiçik ölkələr də Sİ sahəsində
böyük uğurlara imza ata bilərlər və onlar hətta bir sıra
üstünlüklərə, o cümlədən çeviklik, sürətli qərarvermə və təhsil
sistemində daha operativ islahat aparmaq imkanına malikdirlər. Əsas
məsələ yanaşmanın doğru müəyyən edilməsindən asılıdır. Prezident
İlham Əliyev tərəfindən 19 mart 2026-cı ildə təsdiq edilən
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt
Strategiyası” Azərbaycanın mövcud üstünlükləri və özəlliklərini
ehtiva edir və Sİ sahəsində Azərbaycanda uğura zəmanət verir.

Ədalət Muradov,
UNEC-in rektoru, professor.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir