
Bakı.Trend:
Azərbaycan Orta Dəhliz və digər regional layihələr çərçivəsində
logistika, infrastruktur və nəqliyyat bağlantılarının inkişafında
mühüm rol oynayır.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf
üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan Trend-ə verdiyi müsahibədə
bildirib.
R.Qrinspanın sözlərinə görə, Azərbaycan Avropa ilə Asiya
arasında mühüm körpü rolunu oynayaraq qlobal platformanın yeni
önəmli iştirakçılarından birinə çevrilir.
“Azərbaycan mühüm səsə malik, vacib körpü rolunu oynayan və
konsensusa nail olmağa can atan ölkədir”, – deyə o qeyd edib.
UNCTAD-ın baş katibi, həmçinin Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, onun beynəlxalq
dialoqun möhkəmləndirilməsindəki rolunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan logistika, infrastruktur və
regional bağlantıların inkişafında təkcə Orta Dəhliz çərçivəsində
deyil, digər layihələrdə də böyük rol oynayır.
O, həmçinin Azərbaycanın “yaşıl enerji” sahəsində yüksək
potensiala malik olduğunu qeyd edib. Bildirib ki, sülh prosesi
çərçivəsində bərpası və məskunlaşdırılması planlaşdırılan
ərazilərin bərpa olunan enerji ilə təmin olunmasına dair planlar
onda xüsusi təəssürat yaradıb.
“Əgər Azərbaycan bərpa olunan enerji sahəsinə investisiya qoya
bilsə, ölkə dayanıqlı enerji sahəsində çox mühüm oyunçuya çevrilə
bilər”, – deyə UNCTAD-ın Baş katibi bildirib.
R.Qrinspan hazırda Azərbaycanın 16 ölkəyə qaz ixrac etdiyini
xatırladıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

